Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkəmiz ilə dünyanın əksər dövlətləri arasında ikitərəfli münasibətlər formalaşmağa başlayıb. Qısa zaman ərzində müxtəlif dövlətlərlə diplomatik münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və çoxtərəfli platformalarda fəal iştirak Azərbaycanın qlobal sistemdə mövqeyinin möhkəmlənməsinə xidmət edib. Bu proses yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi, humanitar və təhlükəsizlik sahələrində paralel şəkildə inkişaf etdirilərək kompleks xarakter alıb.
Müasir dövrdə Azərbaycan balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu həyata keçirərək həm region ölkələri, həm də aparıcı beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlıq modelini formalaşdırıb. Beynəlxalq təşkilatlarla əməkdaşlıq ölkənin beynəlxalq nüfuzunun artmasına, qlobal təşəbbüslərdə fəal iştirakına və milli maraqlarının müdafiəsinə geniş imkanlar yaradıb. Eyni zamanda, regional əməkdaşlıq mexanizmlərində aktiv iştirak Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir.
Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində ikitərəfli münasibətlərin inkişafı da xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif ölkələrlə, o cümlədən Baltikyanı dövlətlərlə qurulan tərəfdaşlıq əlaqələri qarşılıqlı etimada əsaslanaraq siyasi dialoqun dərinləşməsinə və iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yaradır. Bu kontekstdə dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, imzalanan strateji sənədlər və təşkil olunan biznes forumlar əlaqələrin institusional əsaslarını daha da gücləndirir.
Xatırladaq ki, aprelin 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və təşkil olunan biznes-forum tərəfdaşlığın geniş miqyasda inkişaf etdirilməsi üçün mühüm impuls yaradır. Bu səfər həm siyasi dialoqun davamlılığını təmin edən, həm də iqtisadi və humanitar sahələrdə yeni istiqamətlər müəyyənləşdirən vacib hadisə kimi yadda qalacaqdır.
Dövlətimizin başçısının bəyanatında vurğulanan məqamlardan biri tərəflər arasında mövcud olan möhkəm siyasi dialoqdur. Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə yalnız ikitərəfli münasibətlər deyil, həm də beynəlxalq gündəmdə duran məsələlər ətraflı müzakirə olunub. Bu isə tərəflərin qlobal proseslərə yanaşmada ortaq mövqelərə malik olduğunu və qarşılıqlı dəstək prinsipinə əsaslandığını göstərir.
Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu əməkdaşlığın əsas komponentlərindən biri kimi çıxış edir. Həmin sənəd əməkdaşlığın sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilməsinə imkan yaradıb. Əldə olunan nəticələr həmin hüquqi çərçivənin nə qədər effektiv olduğunu nümayiş etdirir.
Bakıda keçirilən Azərbaycan–Latviya biznes-forumu ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Forumda hər iki tərəfdən geniş işgüzar dairələrin təmsil olunması əməkdaşlığa olan marağın yüksək olduğunu göstərir. Bu platforma çərçivəsində qurulan əlaqələr, aparılan müzakirələr və əldə olunan razılaşmalar gələcəkdə konkret layihələrin reallaşdırılmasına zəmin yaradır.
Xüsusilə qarşılıqlı sərmayələrin təşviqi, birgə istehsal sahələrinin yaradılması və ticarət dövriyyəsinin genişləndirilməsi istiqamətində atılacaq addımlar iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm təkan verəcəkdir. Dövlət başçısının vurğuladığı kimi, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək.
Görüş zamanı regional təhlükəsizlik məsələləri və Cənubi Qafqazda baş verən proseslər də geniş müzakirə olunub. Xüsusilə son dövrlərdə müşahidə olunan dinamika bölgədə sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İkitərəfli münasibətlərin inkişafında liderlər arasında formalaşmış şəxsi münasibətlər xüsusi rol oynayır. Uzun illər ərzində yaranmış qarşılıqlı etimad siyasi dialoqun daha səmərəli və nəticəyönümlü olmasına imkan yaradır.
Latviya Prezidentinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlər iki dövlət arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bir daha sübut edir. Siyasi dialoqun intensivliyi, iqtisadi əməkdaşlıq üçün geniş imkanların mövcudluğu, humanitar əlaqələrin güclənməsi və regional məsələlərdə ortaq yanaşma bu tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyini nümayiş etdirir.
Milli Məclisin deputatı Azər Badamov “Şərq”ə bildirib ki, Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, bu səfər, ilk növbədə, Latviya ilə Azərbaycan arasında diplomatik, iqtisadi və strateji əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Məlumdur ki, hər iki ölkə müxtəlif regional platformalarda, o cümlədən Avropa İttifaqı və Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir. Bu baxımdan, səfər qarşılıqlı siyasi dialoqun daha da dərinləşdirilməsinə və ortaq maraqların uzlaşdırılmasına xidmət edir.
Eyni zamanda, səfərin iqtisadi tərəfləri də diqqət çəkir. Enerji, nəqliyyat-logistika və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi gündəlikdə əsas mövzulardan biridir. Xüsusilə, Azərbaycanın Avropa enerji təhlükəsizliyində artan rolu Latviyanın da maraq dairəsindədir.
Bununla yanaşı, humanitar və mədəni əlaqələrin inkişafı da müzakirə olunan istiqamətlər sırasındadır. Təhsil, turizm və mədəniyyət sahəsində qarşılıqlı layihələrin həyata keçirilməsi xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verə bilər.
Bu səfər Azərbaycan üçün həm beynəlxalq mövqelərinin gücləndirilməsi, həm də Avropa ölkələri ilə əlaqələrin daha da şaxələndirilməsi baxımından əhəmiyyətli addım hesab olunur”.