Azərbaycan razı olsa, Türkiyə sərhədləri açacaq - ŞƏRH

  •  “Konstitusiya dəyişsə, normallaşma addımları gələcək”

Ermənistan Azərbaycanla sülh prosesinin institusionallaşdırılması və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmaq niyyətindədir. Ermənistan hökumətinin 2026-2031-ci illər üçün Fəaliyyət Proqramında bu istiqamətdə bir sıra konkret hədəflər müəyyənləşdirilib.

Sənəddə Azərbaycanla sülh sazişinin imzalanması və təsdiqlənməsi, dövlət sərhədinin delimitasiya, demarkasiyası üzrə işlərin davam etdirilməsi, eləcə də Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik münasibətlərin qurulması kimi məsələlər əksini tapıb. Regionda normallaşma gündəliyinin genişləndiyi bir vaxtda Ermənistanın xarici siyasətindəki bu yanaşma və onun mümkün nəticələri də diqqət çəkir.

Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a xüsusilə 2020-ci il Qarabağ Zəfərindən sonra Paşinyanın mövqeyində həqiqətən mühüm dəyişikliklərin baş verdiyini deyib:

"İlk olaraq, bu prosesdə Rusiyanın ona kömək etmədiyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində yanında olmadığını düşünərək Moskvaya qarşı reaksiya göstərən Paşinyan əvvəlcə Amerika ilə çox ciddi şəkildə əlaqələr qurmağa çalışdı. Lakin Amerika öz maraqları çərçivəsində qiymətləndirmə apardı. Digər tərəfdən, Fransa başda olmaqla Avropada da Ermənistanın ciddi şəkildə yanında olduqlarını bildirdilər. Amma bundan da əhəmiyyətli bir nəticə çıxmadı.

Paşinyan bu ölkələrin öz maraqları üçün çalışdıqlarını dərk etdi. Bundan sonra Cənubi Qafqazda sabitliyin, rifahın yeganə yolunun Türkiyə və Azərbaycan kimi qonşularla yaxşı münasibətlər qurmaq, münasibətləri normallaşdırmaq olduğunu başa düşdü. Bu mənada erməni cəmiyyətini də dəyişdirməyi və transformasiya etməyi bacardı.

Çünki o, orada çox güclü bir mövqe ortaya qoyaraq bildirdi ki, biz hələ də erməni soyqırımı iddialarının arxasınca getsək, Qarabağı, Ağrını, Araratı öz ərazimiz kimi görməyə çalışsaq, içində olduğumuz Ermənistanı da itirəcəyik. Burada diasporun və xüsusilə kilsənin düşmən münasibətinə üz verməməliyik, kimi çıxış etdi".

Analitik qeyd edib ki, Paşinyan buna görə də bunu ciddi şəkildə öz siyasətinə, yəni gündəlik həyata da əks etdirməyi bacardı: 

"Erməni xalqı da müharibədə məğlub olmasına baxmayaraq, Paşinyana səs verdi və onu yenidən həmin vəzifəyə gətirdi. Beləliklə, erməni xalqı bir növ sülh tərəfdarı olduğunu ortaya qoymuş oldu.

Bu mənada gəlinən nöqtəni son dərəcə müsbət qiymətləndirirəm. Ermənistanın lazımi dərsi çıxardığını, bundan sonra Türkiyə və Azərbaycanla münasibətləri inkişaf etdirmək istədiyini görürəm.

Bu çərçivədə konstitusiyanın dəyişdirilməsi çox vacibdir. Çünki konstitusiyada həm Qarabağı, həm də Türkiyənin bəzi bölgələrini öz ərazisi kimi qəbul edən və Ermənistanın Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımadığı yanaşma hakimdir.

Bunlar dəyişdirildiyi təqdirdə, normallaşma addımları bir-bir gələcək. Amma burada çox mühüm bir məqam var.

Türkiyə, xüsusilə sərhəd qapılarının açılması və ciddi şəkildə bir sıra normallaşma addımlarının atılması məsələsində əvvəlcə mütləq Azərbaycanın razılığını və təsdiqini alacaq. Əgər Azərbaycan “artıq Ermənistanla problemim qalmayıb” desə, Türkiyə lazımi addımları atar, yoxsa heç bir addım atmaz".

Politoloq vurğulayıb ki, burada ən böyük qazanc onsuz da Şuşa Bəyannaməsində özünü göstərən Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıqdır:

"Bu sinerji çox böyük geosiyasi çarpan yaratmaqla dosta güvən, düşmənə isə ciddi çəkindirmə və qorxu verir.

Deməli, münasibətlərimiz bu şəkildə davam etdiyi müddətdə bölgədə heç bir ölkə Türkiyə-Azərbaycan ikilisinə qarşı siyasi güc nümayiş etdirə bilməyəcək".