- İki ölkə arasında müəyyən fikir ayrılıqları və həllini gözləyən məsələlər mövcuddur
Azərbaycan-Rusiya münasibətlərində son dövrlər müəyyən gərginlik və fikir ayrılıqları müşahidə olunsa da, tərəflər strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın qorunub saxlanılmasında maraqlı olduqlarını nümayiş etdirirlər.
Bu kontekstdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya gözlənilən rəsmi səfəri ikitərəfli əlaqələrin gələcək perspektivləri və regional məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Rusiya Xarici İşlər Nazirliyi də Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaş olduğunu vurğulayaraq, münasibətlərin dostluq, qarşılıqlı hörmət və etibarlı siyasi dialoq əsasında inkişaf etdiyini bəyan edib.
Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər ənənəvi dostluq və mehriban qonşuluq ruhunda durmadan inkişaf edir: “Gündəlik əməkdaşlığımız bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarını nəzərə almaq prinsipləri üzərində qurulub.
Rusiya XİN-dən iki ölkə arasında hökumətlər və parlamentlər səviyyəsində əlaqələrin yüksək səviyyədə olduğu da bildirilib: “Ceyhun Bayramovun qarşıdan gələn səfərinə etibarlı Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində baxırıq”.
Mövzunu şərh edən politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi müstəqil və balanslaşdırılmış siyasət Rusiyanı tam şəkildə qane etmir. Heç kimə sirr deyil ki, iki ölkə arasında müəyyən fikir ayrılıqları və həllini gözləyən məsələlər mövcuddur.
Politoloq qeyd edib ki, xüsusilə Azərbaycanın və ölkə rəhbərliyinin Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edən son bəyanatları, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı əvvəlki mövqeyi Moskva tərəfindən birmənalı qarşılanmır: “Eyni zamanda Rusiyanın davranışı Azərbaycanda ciddi etirazlar doğurur. Xüsusilə "AZAL" təyyarəsi ilə bağlı baş verən hadisələr Rusiyanın beynəlxalq hüququn norma və prinsiplərinə nə qədər ehtinasız yanaşdığının nümayişi oldu. İki ölkə arasında kifayət qədər problem və fikir ayrılığı mövcuddur. Bununla yanaşı, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Həmçinin bu ölkədə yüz minlərlə azərbaycanlı əmək miqrantı yaşayır və tərəfləri bir-birinə bağlayan digər mühüm amillər də var. Məhz bu səbəbdən Azərbaycan-Rusiya münasibətlərinin normal və qarşılıqlı maraqlara əsaslanan müstəvidə davam etdirilməsi zəruridir”.
2022-ci ilin fevralında Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandığını xatırladan politoloq təəssüflə qeyd edib ki, sonrakı dövrdə Rusiya bu sənədin ruhuna və tələblərinə tam uyğun gəlməyən addımlar atıb: “Bununla belə, Azərbaycanın xarici işlər nazirinin Rusiyaya səfəri hər iki dövlətin ikitərəfli münasibətlərə verdiyi önəmi bir daha nümayiş etdirir. Mövcud problemlər açıq şəkildə müzakirə edilməli, münasibətlərin yaxşılaşdırılması və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün yeni yollar müəyyənləşdirilməlidir. Bu baxımdan, xarici işlər nazirinin Moskva səfəri ilk növbədə Azərbaycan-Rusiya münasibətlərinin normallaşdırılmasına və daha yüksək mərhələyə yüksəldilməsinə xidmət edir. Görünən odur ki, həm Bakı, həm də Moskva münasibətlərin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsində maraqlıdır. İki ölkə arasında problemlər və müzakirə olunmalı məsələlər kifayət qədərdir. Lakin əsas məqam ondan ibarətdir ki, hər iki dövlət bir-birinə strateji əhəmiyyətə malik qonşu kimi yanaşır, Azərbaycan Rusiya ilə münasibətlərin normal, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişafı üçün səylər göstərir. Eyni zamanda, Rusiya da Azərbaycanın Cənubi Qafqazın aparıcı və nüfuzlu dövləti olduğunu yaxşı anlayır və onunla konstruktiv münasibətlərin qorunmasının öz maraqlarına uyğun olduğunu dərk edir. Ümid etmək olar ki, bu səfər ikitərəfli münasibətlərin daha da yaxşılaşmasına, mövcud fikir ayrılıqlarının və problemlərin heç olmasa bir qisminin aradan qaldırılmasına müsbət töhfə verəcək”.