Azərbaycanın Sülh Şurasına dəvət olunması mühüm siyasi hadisədir - Fərid Şəfiyev

Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri fevralın 19-da başa çatıb. Səfər çərçivəsində aparılan görüşlər və müzakirələr Azərbaycanın qlobal təşəbbüslərdə iştirak imkanları, regionun geosiyasi çəkisi və ölkəmizin strateji tərəfdaş kimi rolu baxımından əhəmiyyətli qiymətləndirilir.

Bu kontekstdə irəli sürülən layihənin perspektivləri, məqsədləri və gələcək tətbiq imkanları xüsusi maraq doğurur. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Sherg.az”a açıqlamasında bildirib ki, səfərdə əsas müzakirə mövzularından biri Donald Tramp tərəfindən irəli sürülən Sülh Şurası olub:

“Bu təşəbbüsün məqsədi və gələcək perspektivləri hələ tam şəkildə müəyyənləşməyib. Layihə Qəzza ilə bağlı uğurlu nəticə verərsə, mümkündür ki, gələcəkdə digər münaqişə zonalarında da tətbiq olunsun. Hər halda Azərbaycanın prosesə dəvət olunması özü-özlüyündə mühüm siyasi göstəricidir. Bu, xüsusilə Donald Trump administrasiyası çərçivəsində Azərbaycana və Prezident İlham Əliyevə göstərilən hörmətin, eləcə də ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisi kimi qiymətləndirilə bilər.

Lakin Azərbaycanın konkret töhfəsinin nədən ibarət olacağı hələ müzakirə mövzusudur. Rəsmi açıqlamalara əsasən, indiki mərhələdə Azərbaycan bu layihəyə maliyyə dəstəyi göstərmir. Bununla belə, gələcəkdə müəyyən formada iştirak ehtimalı istisna edilmir.

Bir sıra digər dövlətlər artıq bu təşəbbüsə qoşulublar. Belə layihələrdə iştirak etmək həm Azərbaycanın, həm də bütövlükdə regionun beynəlxalq diqqət mərkəzində qalmasına xidmət edə bilər. Bu isə ölkəmizin xarici siyasət prioritetlərinə uyğun bir yanaşmadır".