“Bu qüvvələr təkcə müharibəyə qapı açmır, eyni zamanda münaqişəni qaçılmaz hala gətirir”
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə bəzi siyasi qüvvələr Azərbaycanla əldə olunan sülhü yenidən nəzərdən keçirməyə çağırır. O deyib: “Bizim möhkəm şəkildə bağladığımız müharibə qapısını bəzi qüvvələr açmağa çalışır və bu, ölkəmizin təhlükəsizliyi üçün ciddi təhdiddir.”
Sherg.az xəbər verir ki, Paşinyan xalqa müraciət edərək ölkədəki siyasi vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı açıqlamalar verib.
O bildirib ki, Robert Koçaryan, Karen Karapetyan və Qagik Tsarukyan kimi şəxslərin rəhbərlik etdiyi siyasi qüvvələr Ermənistan ilə Azərbaycan arasında əldə olunan sülhü sual altına alır və onu yenidən nəzərdən keçirməyə çalışır. Paşinyanın sözlərinə görə, “Bu qüvvələr təkcə müharibəyə qapı açmır, eyni zamanda münaqişəni qaçılmaz hala gətirir.”
“Ölkəmizin təhlükəsizliyi üçün ciddi təhdiddir”
Paşinyan vurğulayıb ki, mövcud vəziyyət tarixi yol ayrıcıdır:
“Ermənistan ilə Azərbaycan arasında sülh təmin edilib və bu sülhü biz qurmuşuq. Bizim möhkəm bağladığımız müharibə qapısını bəzi qüvvələr açmağa çalışır və bu, ölkəmizin təhlükəsizliyi üçün ciddi təhdiddir.”
Paşinyan xatırladıb ki, bəzi qüvvələr ölkəyə kənardan sülhməramlı qüvvələrin gətirilməsini təklif edir:
“Biz sülhməramlıların nəticələrini əvvəllər görmüşük. Eyni səhvlərin təkrar olunmasına yol verməməliyik.”
“Yaşamaq gündəmindən inkişaf gündəminə keçmişik”
Paşinyan qeyd edib ki, hüquqi baxımdan aydın və detallı şəkildə müəyyən edilmiş təhlükəsizlik zəmanətləri mövcud olsa da, bu mexanizm işləmir. O əlavə edib:
“Ermənistan ilə Azərbaycan arasında sülh ona görə təmin olundu ki, ümidlərimizi zəmanətçilərə deyil, özümüzə bağladıq. Biz bunu həll etməli olduğumuz bir vəzifə kimi gördük. Problemi zəmanətçilər vasitəsilə həll edəcəyimizi düşündükdə, bu bizi hər dəfə eskalasiyaya, gərginliyə, müharibəyə və itkilərə aparıb. Ermənistan ilə Azərbaycan arasında sülh böyük itkilər bahasına əldə olunub. Biz yaşamaq gündəmini inkişaf gündəmi ilə əvəz edərək yeni mərhələyə qədəm qoyduq. Sülhü yenidən nəzərdən keçirmək istəyən bütün qüvvələr bizi inkişaf mərhələsindən yenidən sağ qalma mərhələsinə qaytarmağa çalışır. Tarix göstərir ki, bu halda biz öz ölkəmizdə deyil, başqa ölkələrdə yaşamağa məcbur oluruq. Sülhün yenidən nəzərdən keçirilməsinə çağıranlar əslində xarici ölkələrin təmsilçiləridir.”