Bakı-Tbilisi qatarının yolunu həsrətlə gözləyənlər heç sevinmədi - Zəlimxan Məmmədli

"Gedişhaqqı açıqlanandan bəri bir nəfərin belə məmmun qaldığını görmədim"

"Əslində qiymətlər ortalama 30-50 manat arasında dəyişməli idi. Təəssüf ki, düz sözə qulaq asan da yoxdur” 

Məlum olduğu kimi 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi sərnişin qatarlarının fəaliyyəti bərpa ediləcək. Soydaşlarımız 6 illik fasilədən sonra gediş-gəlişin bərpasına sevinsələr də, açıqlanan qiymətlər hər kəsdə şok effekti yaradıb.

Bakı-Tblisi marşrutu üzrə minimum qiymət 81 manatdır. Qiymətlərə ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir. Səfərin müddətindən asılı olaraq ödənilən səyahət sığortasının qiymətini də nəzərə aldıqda, ümumi xərc təxminən 100 manatı ötür. Bakı-Tiblisi aviabileti qiymətləti isə təqribən 167 AZN-dən başlayır. Qiymətlərə nəzər saldıqda, qatarla təyyarə arasında böyük fərqin olmadığını görmək mümkündür.

Məsələ ilə əlaqədar Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli Sherg.az-a bildirib ki, bütün sahələr üzrə qiymət siyasəti Azərbaycan xalqının maraqlarına uyğun müəyyən olunmur:

“Bakı-Tbilisi qatar yolunun açılmasını həsrətlə gözləyənlər sevinsə də, qiymət məsələsi onları hüsrana uğratdı. Gedişhaqqı açıqlanandan bəri bir nəfərin belə məmmun qaldığını görmədim. Əgər qatarla gedişhaqqının məbləğini minimum əməkhaqqı, qazilərə verilən müavinətlər və soydaşlarımızın qazancı ilə müqayisə etsək, kifayət qədər yüksək olduğunu görə bilərik. Əslində qiymətlər ortalama 30-50 manat arasında dəyişməli idi. Təəssüf ki, düz sözə qulaq asan da yoxdur”. 

Sədrin sözlərinə görə, 44 günlük müharibədən zəfərlə çıxan qalib xalqın maraq və düşüncələri nəzərə alınmalıdır: 

“Bir sözlə, Tbilisiyə qatar reyslərinin bərpa edilməsi xalq arasında həm sevinc, həm də etimadsızlıq yaratdı. Daxili və xarici siyasətdə ilk növbədə cəmiyyətin maraqları, daha sonra isə digər məqamlar diqqətdə saxlanılmalıdır. Əvvəllər təyyarə daşımalarında monopoliya olduğuna görə, ailəsinin həsrətini çəkənlərin ora getməyə maddi imkanı çatmırdı. İndi isə həmin monopoliya qatar daşımaları üzərində qurulub. Quru sərhədlər açılmalıdır ki, insanlar büdcələrinə uyğun olaraq şəxsi avtomobilləri ilə səfər edə bilsinlər”.