Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır

  • Yeni ittifaqın konturları görünür, Azərbaycan Laosla bəzi sahələrdə güclərini birləşdirəcək

Azərbaycan həyata keçirdiyi müstəqil dövlətçilik siyasəti, artan iqtisadi potensialı və genişlənən beynəlxalq əməkdaşlıq əlaqələri ilə qlobal münasibətlər sistemində mövqeyini davamlı şəkildə möhkəmləndirir.

Qitələr və sivilizasiyalar arasında etibarlı tərəfdaş kimi çıxış edən ölkəmiz müxtəlif regionlarla siyasi, iqtisadi və humanitar əlaqələrini genişləndirərək çoxşaxəli əməkdaşlıq platformasını inkişaf etdirir. Prezident İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə Bakıda keçirdiyi görüş və dövlət başçılarının mətbuata bəyanatları Azərbaycanın Asiya istiqamətində əməkdaşlığının dərinləşdirilməsi və müstəqil xarici siyasət kursunun ardıcıl davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Nigar Məmmədova Sherg.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanla Laos arasında münasibətlərin inkişafı Cənub-Şərqi Asiya istiqamətində xarici siyasət əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“1995-ci il mayında qurulan diplomatik münasibətlər bu gün yeni əməkdaşlıq imkanları ilə inkişaf etdirilir. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə ilk səfəri, Prezident İlham Əliyevlə keçirilən görüşdə də əlaqələrin gələcək perspektivləri bir daha bəyan olundu. Dövlət başçımız siyasi əlaqələrin uzun illər uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığın da bu səviyyəyə çatdırılmasının vacibliyini qeyd etdi.

Cənab Prezidentin də qeyd etdiyi kimi, mövcud ticarət dövriyyəsi iki ölkənin potensialını əks etdirmir. Ticarət əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında birbaşa təmasların qurulması və konkret investisiya layihələrinin nəzərdən keçirilməsi qarşıda duran əsas prioritetlərdəndir. Ötən gün Bakıda keçirilən Laos–Azərbaycan biznes-forumu da yeni imkanlar baxımından xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, investisiya imkanları və biznes əməkdaşlığının genişləndirilməsi məsələləri geniş müzakirə olundu. Biznes dairələri arasında əlaqələrin gücləndirilməsi məqsədilə birgə biznes şurasının və ya işçi qrupunun yaradılması təklif olundu.

Kənd təsərrüfatı, enerji, nəqliyyat-logistika, turizm və təhsil də əməkdaşlığın perspektivli sahələridir. İki gün əvvəl kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması da münasibətlərin praktik müstəvidə möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş isə rəsmi əlaqələrin asanlaşdırılmasına xidmət edəcək”.

Deputat həmçinin bildirib ki, iki ölkə arasında humanitar əlaqələr də xüsusi əhəmiyyət daşıyır. Sovet dövründə Azərbaycanda təhsil almış laoslu mütəxəssislərin ölkələrinin inkişafında iştirakı iki xalq arasında tarixi bağların formalaşmasına töhfə verib:

“Təhsil mübadiləsinin yenidən genişləndirilməsi, tələbələr üçün imkanların artırılması və mədəni əlaqələrin inkişafı bu ənənəni davam etdirəcək. Azərbaycanın Laosla münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq baxımından da əhəmiyyətlidir. Hər iki ölkənin çoxtərəfli platformalarda təmasları siyasi dialoqun dərinləşməsinə şərait yaradır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, əsas məqsəd mövcud dostluq münasibətlərini daha fəal və səmərəli əməkdaşlıqla möhkəmləndirməkdir”.