Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçirilib - FOTO

Beynəlxalq Muğam Mərkəzində “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçirilib.

APA xəbər verir ki, forumda İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib. Tədbirin məqsədi türkman irsinin qorunması, ortaq tarixi-mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi olub.

Forumun açılış mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev, mədəniyyət nazirinin müavini Səadət Yusifova, İraq parlamentinin Kərkükdən seçilmiş deputatı, “İraq Türkman Cəbhəsi”nin lideri Ərşad Salihi, Suriya parlamentinin Hələbdən olan deputatı Tarık Sulo Cevizci, Livandakı “Azərbaycan Evi”nin rəhbəri Xalid Gani, Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, İraqdakı Füzuli Mədəniyyət Mərkəzinin sədri Haşim Kamil Mustafa və “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri Orxan İsayev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, türkman icmaları arasında əlaqələrin gücləndirilməsi, ortaq tarixi və mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi bu cür forumların əsas məqsədlərindəndir.

Qeyd olunub ki, türkmanların yaşadığı coğrafiyalarda mədəni kimliyin, dilin və milli ənənələrin qorunması xüsusi əhəmiyyət daşıyır.

Natiqlər vurğulayıblar ki, Azərbaycan bu sahədə mühüm platforma rolunu oynayır və türkman icmaları arasında dialoqun genişləndirilməsi, qarşılıqlı əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi istiqamətində vacib mərkəzlərdən biridir.

Eyni zamanda qeyd edilib ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən türkman təşkilatları arasında əlaqələrin sistemləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi və mədəni əməkdaşlığın dərinləşdirilməsi gələcəkdə daha güclü nəticələr verə bilər.

Forum çərçivəsində Azərbaycan Respublikasının QHT Agentliyinin dəstəyi ilə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi tərəfindən “Kərkük Oğuz Gözəli” adlı yeni musiqi əsəri ilk dəfə ictimaiyyətə təqdim olunub. Mahnının sözlərinin müəllifi akademik Rafael Hüseynov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Əsəri Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımov səsləndirib.

Estrada-simfonik orkestr və xor kollektivinin müşayiəti ilə təqdim olunan əsər Kərkükün qədim Oğuz-türk ruhunu və Azərbaycanla mənəvi bağlarını bədii şəkildə əks etdirib.

Daha sonra musiqi əsərinin mətnində yer alan “Nə yaxınmış uzaqlar” ifadəsi əsasında adlandırılmış “Nə yaxınmış uzaqlar” adlı panel müzakirəsi keçirilib.

Türkman irsi üzrə tədqiqatçı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayevin moderatorluğu ilə təşkil olunan paneldə professor, Əməkdar elm xadimi, türkmanşünas Qəzənfər Paşayev, İraq Türkman Alimlər Birliyinin sədri Nebil Şahin Kifrili, Suriya Türkman Platformasının və Suriya Türkman Məclisinin qurucusu Esat Arber Hasan, İraq Türkləri Mədəniyyət və Xeyriyyə Birliyinin sədri Eyüp Kərəm, həmçinin Suriya Türkman Dərnəkləri Federasiyasının rəhbəri Ali Bedo Mustafa məruzələrlə çıxış ediblər.

Panel iştirakçıları türkman icmaları arasında elmi və mədəni əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, ortaq tədqiqatların aparılması, arxiv və folklor materiallarının toplanması, eləcə də akademik mübadilələrin genişləndirilməsi bu istiqamətdə mühüm nəticələr verə bilər.

Forum bədii proqramla başa çatıb.