“Bayram vaxtı hotellərin qiyməti 4-5 dəfə qalxır”

"Millət vəkili Vüqar Bayramovun bayramqabağı hotellərdə qiymətlərin bahalaşması barədə səsləndirdiyi fikirlərlə razıyam". 
Bunu "Sherg.az"a iqtisadçı Fuad İbrahimov bayram günləri hotellərin qiymətlərinin bahalaşmasından danışarkən deyib. O diqqətə çatdırıb ki, qiymətlər bayram vaxtı rayonlardakı hotellərin səviyyəsinə uyğun olaraq, hətta 4-5 dəfə qalxır:

"Amma artıq burada klassik nəzəriyyənin tələbatın artması mexanizmi hərəkətə düşüb. Tələbat da artdıqca şübhəsiz ki, bahalaşma olur. İlk növbədə, nəzərə almaq lazımdır ki, quru sərhədlər bağlıdır. Bu da fürsətdən istifadə etməyə kifayət qədər şərait yaradır. İndiki məqamda quru sərhədlər açıq olsa idi, insanlar Gürcüstana, əmin-amanlıq dövründə Rusiyaya, yaxud da Türkiyəyə üz tutardılar. Çünki quru sərhədlərlə hərəkət daha ucuz qiymətə başa gəlirdi. 

Amma indi hava məkanımızdan illər boyu "inhisarçı siyasət" nəticəsində təyyarə biletlərinin baha satılmasına şahid oluruq. Eyni zamanda hazırkı vəziyyətdə hotellərin qiymətinin artması prosesini müşahidə edirik. Bu il də təəssüf ki, bayram ərəfəsində qiymətlərin yüksəlməsini görəcəyik. 

Qarşısını almağın yeganə yolu sağlam rəqabət mühiti və kifayət qədər infrastrukturun olmamasıdır. Nəticədə bu bayram da digərlərindən geri qalmayacaq. Yenə də qiymətlər baha olacaq. Novruz bayramını büdcəsi əl verməyən ailələr məcburiyyət qarşısında qalıb, evlərində keçirəcəklər". 

Qeyd edək ki, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, Novruz Bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar.