Bəqai: Hazırkı mərhələdə diqqət müharibənin dayandırılmasına yönəlib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Rusiyanın İranın nüvə məsələsinin həllinə yardım göstərməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, Bəqai deyib ki, hazırkı mərhələdə Tehranın əsas diqqəti müharibənin dayandırılmasına yönəlib.

O qeyd edib ki, nüvə məsələsi və bununla bağlı mümkün variantlarla əlaqədar hansı qərarların veriləcəyi sonrakı mərhələdə müzakirə olunacaq.

Bəqai “İrana qarşı İraq sərhədləri istiqamətindən həyata keçirilən hücum və təhlükəsizlik məsələlərinə” də toxunub. Onun sözlərinə görə, Tehran həm İraq hökuməti, həm də İraq Kürdüstanı regionundakı tərəflərlə daimi təmasdadır.

“Bu əlaqələr həm müharibə dövründə mövcud olub, həm də son günlər davam edir. Hamı anlayır ki, regionda yaranan istənilən təhlükəsizlik problemi bütün ölkələrə təsir göstərir və bu anlayış təhdidlərin qarşısının alınması baxımından faydalıdır”, - Bəqai vurğulayıb.