Bir əsr əvvəl boğulan türk birliyi bu gün yenidən dirçəlir - Siyasi şərhçi

  • Azər Həsrət: “Azərbaycan türk dövlətlərinin yaxınlaşmasının əsas mərkəzlərindən biridir”

"1926-cı il fevralın 26-dan martın 6-dək Sovet İttifaqının müxtəlif bölgələrindən gələn türkoloqlar Bakıda bir araya toplanıb, əlifba islahatı və latın qrafikasına keçid, türk dillərinin tədqiqi, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi kimi mühüm məsələləri müzakirə etdilər.

Əfsuslar olsun ki, qurultayda iştirak edən nümayəndənin ən azı 100 nəfəri repressiyaya məruz qaldı. Qanlı Sovet imperiyası onları məhv etdi. Müasir dövrü, ulu babalarımızın yaşadığı tarixi mərhələdən fərqləndirən ən əsas amil müstəqilliyimizdir”. 

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Sherg.az-a Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan tədbirin tarixi əhəmiyyətini şərh edərkən bildirib: 

“Bir əsr əvvəl eyni binada səsləndirilən birlik ideyaları, imperiya basqıları altında böyük sınaqdan keçirdi. Bu gün isə həmin ideyalar müstəqil və suveren türk dövlətlərinin milli strategiyasının tərkib hissəsinə çevrilib. Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra bir əsr öncə əsası qoyulan "Türk dünyası" anlayışına dərhal sahib çıxdı. Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində beynəlxalq elmi və mədəni tədbirlər keçiriləcək. Təşkil edilən tədbirlər türk xalqlarının bir-birinə daha da yaxınlaşması və əməkdaşlığın güclənməsi üçün əlavə stimul olacaq”. 

A.Həsrət onu da qeyd edib ki, Azərbaycanın bu prosesdə aparıcı rol oynaması və Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr xüsusi əhəmiyyət daşıyır:

“Bu dinamika Türk dünyasının inteqrasiyasına xidmət etməklə yanaşı, müxtəlif bölgələrdə yaşayan türklərdə birlik ruhunu və özünədönüşü gücləndirir. Uzun illər siyasi və sosial təsirlərlə zəifləyən milli şüur, belə görüşlər və əməkdaşlıq platformaları sayəsində dirçəlir".