- “Şuşa bu gün dünyanın diqqət mərkəzindədir, xəcalətimiz qürura çevrilib”
- “Sülhün gecikməsinin məsuliyyəti Paşinyan hakimiyyətinin üzərindədir”
“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərin adlarını beynəlxalq tədbirlər vasitəsilə qlobal müstəvidə tanıtmağı bacaran yeganə ölkədir. Mən özüm torpaqlarımızın işğalına şahid olan nəslin bir nümayəndəsi kimi Qarabağı itirdiyimizə görə uzun müddət xəcalət hissi keçirmişəm. Lakin bu gün həmin xəcalət hissi yerini sonsuz bir qürura buraxıb.
Bir zamanlar doğma yurdumuzda yallı gedib torpaqlarımızı mənimsəyənlər, indi 53 ölkədən 160-dan çox jurnalistin, Şuşada torpağın əsl sahiblərinin təşkil etdiyi tədbirdən hazırladığı xəbərləri yazırlar. Cənab Prezident forum zamanı elə çarpıcı və ünvanlı mesajlar verir ki, bu fikirlər günlərlə qlobal medianın manşetlərindən düşmür. Şuşa Qlobal Media Forumu artıq ənənəvi xarakter alıb”.
Bu sözləri Sherg.az-a açıqlamasında jurnalist Nəmənd Rüstəmov bu gün Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətindən danışarkən deyib:
Jurnalistin sözlərinə görə, Azərbaycan bu platforma vasitəsilə bəzi xarici dairələrin ölkəmizə qarşı yürütdüyü qərəzli kampaniyaları və nifrət hissini ifşa edir:
“Məsələn, 2025-ci ilin iyul ayında keçirilən III Şuşa Qlobal Media Forumunda Rusiyanın TASS dövlət informasiya agentliyinin Baş direktorunun birinci müavini, əslən azərbaycanlı olan tanınmış jurnalist Mixail Qusman Prezident İlham Əliyevə ünvanladığı sualda, Bakının xarici siyasətini yüksək qiymətləndirdiyi üçün Moskva tərəfindən vəzifəsindən azad edildi. Eyni zamanda, ukraynalı jurnalist Dmitri Qordonun, Azərbaycan Prezidentinə “müharibə şəraitində Ukrayna xalqına nə məsləhət verə bilərsiniz?” sualına dövlət başçısı “Heç vaxt işğalla barışmayın!” şəklində cavab vermişdi. Prezidentin qətiyyətli cavabı uzun müddət həm Ukrayna, həm də Rusiya mətbuatında rezonans doğurdu. Bundan əlavə, forum çərçivəsində baş tutan çıxışlar CNN, Euronews kimi populyar media nəhəngləri tərəfindən də geniş şəkildə işıqlandırıldı”.
N.Rüstəmov qeyd edib ki, prezidentin bugünkü çıxışları da qlobal miqyasda böyük əks-səda doğuracaq:
“Tədbirin çağırışları da çox unikaldır. Burada sülhə çağırış, quruculuq prosesinə töhfə və Türk dövlətlərinin istər müharibə, istərsə də bərpa dövründə Azərbaycana verdiyi sarsılmaz dəstək əsas xətti təşkil edir. Forumun Şuşanın adını daşıması da, böyük rəmzi məna ifadə edir. Azərbaycan və Ermənistan arasındakı müharibədən 5 il keçməsinə və tərəflərin sülh sazişini paraflamasına baxmayaraq, sülh prosesi hələ də ləngiyir. Bunu ləngidən isə birbaşa Paşinyan hökümətidir. Azərbaycan rəhbərliyi dəfələrlə yekun sülhün imzalanmasına gedən yolun Ermənistanın konstitusiya dəyişikliyindən keçdiyini bildirib”.
Ekspertin fikrincə, Ermənistan Azərbaycanı narahat edən məsələlərin həllinə dair öhdəlik götürməsinə baxmayaraq, hələ də bu istiqamətdə heç bir real addım atmayıb:
“Paşinyan hökuməti, ləngiməni seçkilərdə konstitusion çoxluqdan məhrum olmaqla əlaqələndirsə də, sülhün gecikməsi, Cənubi Qafqazda təhdidləri canlı saxlayır. Prezident İlham Əliyev, bugünkü çıxışında yerləşdiyimiz regionun kövrək olduğunu bildirməklə məhz sülhün gecikməsinə diqqət çəkməyə çalışıb. Rəsmi Bakının İran-İsrail qarşıdurması, ABŞ-nin regiondakı rolu və Ukrayna-Rusiya müharibəsi kimi geosiyasi böhranları diqqət mərkəzində saxlaması təsadüfi deyil. Bununla biz beynəlxalq aləmə regionda və dünyada sabitliyin, sülhün tərəfdarı olduğumuzu çatdırmağa çalışırıq. Şuşa Qlobal Media Forumunun hər il bir ənənə kimi davam etdirilməsi, Azərbaycana ictimai-siyasi mühitdə və qlobal arenada yalnız müsbət dividendlər gətirəcək. Forumun nəticələri bir tərəfdən yerli medianın inkişafına müsbət təsir göstərəcəksə, digər tərəfdən də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına müstəsna töhfələr verəcək”.