“Bloomberg” agentliyi NATO-nun 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammiti ərəfəsində yaydığı təhlildə Türkiyənin Alyans daxilində artan roluna diqqət çəkib.
Sherg.az-ın məlumatına görə, təhlildə bildirilir ki, Rusiya-Ukrayna müharibəsi, Avropanın sürətlə artan müdafiə ehtiyacları və ABŞ-nin qitədəki hərbi roluna yenidən baxması fonunda Avropanın Türkiyəyə ehtiyacı əvvəlkindən daha çoxdur.
Nəşr qeyd edir ki, Türkiyə güclü ordusu, inkişaf edən müdafiə sənayesi və yüksək istehsal potensialı sayəsində NATO-nun təhlükəsizlik sistemində getdikcə daha mərkəzi mövqe tutur. Xüsusilə pilotsuz uçuş aparatları, hərbi gəmilər, zirehli texnika, sursat və hərbi elektronika sahələrində Ankara mühüm müdafiə təchizatçısına çevrilib.
Təhlildə vurğulanır ki, Türkiyənin NATO üçün əhəmiyyəti artıq yalnız coğrafi mövqeyi və böyük ordusu ilə məhdudlaşmır. Ekspertlərin fikrincə, ölkənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlər də onu Alyans üçün strateji ölkəyə çevirib.
“Bloomberg” Ankaradakı NATO sammiti çərçivəsində çoxsaylı müdafiə sənayesi sazişlərinin imzalanacağını da istisna etmir. Nəşr hesab edir ki, Avropanın təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir dövrdə Türkiyə NATO üçün hər zamankından daha vacib və əvəzolunmaz mövqeyə yüksəlir.