BMT-dən qorxulu xəbərdarlıq: Müharibə nəzarətdən çıxa bilər - ŞƏRH

Volker Türkün sözlərinin arxasındakı gizli mesaj odur ki, iqtisadiyyat, enerji və təhlükəsizlik risk altındadır

BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk Yaxın Şərqdəki vəziyyəti “son dərəcə təhlükəli və gözlənilməz” adlandırıb. BMT rəsmisi bölgədə İrandakı müharibədən qaynaqlanan qarşısıalınmaz fəlakət barədə xəbərdarlıq edib. Volker Türk müharibənin bir daha beynəlxalq münasibətlərdə vasitə kimi istifadə edilməməli olduğunu vurğulayıb.

Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner Sherg.az-a açıqlamasında Volker Türkün fikirlərinə münasibət bildirib:

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün açıqlaması yalnız xəbərdaredici mesajla məhdudlaşmır. Bunu çox diqqətlə oxumaq lazımdır.

Xüsusilə “son dərəcə təhlükəli və gözlənilməz” ifadəsinin diplomatik dildə kifayət qədər güclü ifadə olduğunu xatırlatmaq vacibdir.

Türkün diqqət çəkdiyi məqam, bölgədəki gərginliyin nəzarətdən çıxma riskinin həqiqətən yüksək görülməsindən əlavə məna daşayır. O, demək istəyir ki, müharibə yalnız iki ölkə arasında qalmaya, eyni zamanda regional gücləri və onların dost aktorlarını da münaqişəyə cəlb edə bilər.

Türkün açıqlaması ilə “qaçılmaz” olaraq ifadə etdiyi məsələ isə qlobal çöküşə doğru- yəni iqtisadiyyat, təhlükəsizlik, miqrasiya və enerji sahələrində zəncirvari fəlakətin baş verə biləcəyi ilə bağlı xəbərdarlıqdır".

Ekspert vurğulayıb ki, diqqət çəkən digər məqam Türkün istifadə etdiyi “Müharibə artıq vasitə olmamalıdır” fikridir:

"Əslində burada nəzərdə tutulan odur ki, İsrail İran və ABŞ-nin bazarları sakitləşdirəcək danışıq bəyanatlarından çox, hələ də hərbi həlli gündəmdə saxlayır. Bununla yanaşı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə görə, diplomatiya geri planda qalıb. Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq sistemin güclü bir hissəsi olan qurum belə münaqişələrin qarşısını almaqda zəifdir.

Ümumi çərçivədə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk dünyanı üç əsas məsələ ilə bağlı xəbərdar edir: vəziyyətin düşünüldüyündən daha ciddi olması, İran mərkəzli bir müharibənin regional deyil, qlobal nəticələr doğura biləcəyi və diplomatiya işə düşmədiyi təqdirdə müharibənin nəzarətdən çıxa biləcəyi".