Böyük müharibə tezliklə baş verə bilər - Politoloqdan Qəzza proqnozu

  • “Qəzzanın və Qüdsün azadlığı müharibədən keçir”

Regionda gərginliyin artdığı bir dövrdə Türkiyə-ABŞ arasındayüksək səviyyəli təmaslar baş verib. Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, İran-ABŞ qarşıdurması və Qəzzadakı vəziyyət əsas müzakirə mövzuları olub. Ankara xüsusilə İran və ABŞ arasında diplomatik kanalların açıq saxlanılmasını və danışıqların davam etdirilməsini vacib hesab edir. Ərdoğanın mesajları Türkiyənin regiondakı diplomatik vasitəçi rolunu qorumaq niyyətini də göstərir. Ankara həm İranla, həm ABŞ-lə münasibətlərə malik olmaqla yanaşı, Qəzza məsələsində də fəal diplomatik mövqe tutur. Bu baxımdan Ərdoğan-Tramp danışığı Türkiyənin regional böhranların hərbi qarşıdurmaya çevrilməsinin qarşısını almaq və danışıqlar yolu ilə həll imkanlarını genişləndirmək səyləri fonunda diqqət çəkir. Telefon danışığında Qəzza məsələsinin də gündəmə gəlməsi Türkiyənin prioritetlərindən birinin Fələstin istiqamətində sülh prosesinin davam etdirilməsi olduğunu göstərir. Ərdoğan Qəzzada sülh prosesinin ikinci mərhələsinə keçidin müzakirə edildiyi bir vaxtda İsrailin fələstinlilərə qarşı fəaliyyətlərinin artmasından narahatlığını ifadə edib. Ankara isə Qəzzanın yenidən qurulması və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirir. 

AĞ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə İran və ABŞ , Ukrayna və Rusiya arasında rol oynamağa çalışır:

“ Çünki Türkiyənin bu əks tərəflərin hamısı ilə münasibəti var. Amma indi əks tərəflərin nə dərəcədə Ankaranın burada benefisiar olmasını, Türkiyə meydanında sülh sazişinə və yaxud barışığa nail olunmasında rol almasını istəməsi başqa bir sualdır. Ona görə də indi Türkiyə özünün yaxın regionunda sülhün təmin olunmasına çalışır. Türkiyə Qara dəniz vasitəsilə Rusiya və Ukrayna ilə qonşu sayılır, yaxın Şərqdə İranla qonşudur, ABŞ-lə müttəfiqdir və ABŞ-nin Türkiyədə bazası var. Bu səbəblə də Türkiyə istəyir ki, yaxınlığında sülh olsun. Çünki yaxınlığında müharibələrin olması onun maraqlarına cavab vermir. Burada iqtisadi layihələr var, Türkiyə bir çox kommunikasiya və nəqliyyat rolunu oynayır. Bu, iqtisadi kommunikasiyalara və Türkiyənin maraqlarına cavab verir. Türkiyə istəyir ki, əmin-amanlıq və sülh olsun. Ona görə də danışıqlarda rolunu aktivləşdirir. Həm də Türkiyənin bu məsələdə hər kəslə münasibəti olduğu üçün tərəflər Türkiyənin bu danışıqlarda iştirak etməsinə razılıq verirlər”.

Analitik qeyd edib ki, Qəzzada sülh prosesinin ikinci mərhələsi ona 30 il ərzində Qarabağda aparılan sülh danışıqlarını xatırladır:

“ Həmin danışıqlar heç bir nəticə vermirdi. Sülh ancaq böyük müharibədən sonra ola bilər. Necə ki, Qarabağda sülh böyük müharibədən sonra oldu, elə də Qəzza azad olmayana qədər, İsrail işğalı davam etdiyi müddətdə bu sülh danışıqları Qəzzada yaşayan müsəlmanların ölümü, bombalanması və soyqırımı ilə nəticələnəcək. Bu danışıqlar sadəcə olaraq boş bir şeydir. Bunu Türkiyədə də bilirlər. Sadəcə olaraq, Türkiyə hələlik İsrailə və İsrailin arxasında dayanan Amerikaya qarşı çıxmağa hazır olmadığı üçün bu danışıqlarda iştirak etməklə Qəzzada müsəlmanların ölməsinin qarşısını almağa çalışır. Amma Qəzzada müsəlmanlar yalnız o zaman qurtula bilərlər ki, Qəzza İsrail işğalından azad edilsin. Bu, birmənalıdır, bunun ikinci alternativi yoxdur. Bunun yolu böyük müharibədən keçir və bu, tezliklə baş verə bilər. Bu müharibə müsəlmanlarla yəhudilər arasında olacaq. Sadəcə olaraq, bunun nə vaxt baş verəcəyini, kimin hansı tərəfdən iştirak edəcəyini, kimin bunun başında duracağını Allah bilir. Qəzzanın və Qüdsün azadlığı müharibədən keçir. Necə ki, Qarabağın azadlığı müharibədən keçdi”.