Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH

Həşim Səhrablı: "Məhz buna görə Paşinyan əlində olan 29 milyon kvadrat kilometrlik Ermənistan sərhədlərini qorumağa çalışır"

Ermənistanda parlament seçkilərinin vaxt çəmbəri daraldıqca, siyasi dairələrdə təzyiq mexanizmləri də güclənir. Seçkilərdə Baş nazir Nikol Paşinyanın qarşısında müxalif qüvvələri təmsil edən sabiq prezident Robert Koçaryanın dəstəsi dayanır.

Hakimiyyət uğrunda rinqə çıxan tərəflər bir-birini təhqir etməkdən çəkinmirlər. Bir müddət öncə ortaya çıxan detallar məsələnin yalnız təhqir üzərində qalmadığını göstərdi. Rusiyada yaşayan ermənilərin rüşvət qarşılığında revanşist qüvvələrə səs vermək üçün İrəvana gətiriləcəyinə dair məlumatların yayılması, fiziki müdaxilənin mövcudluğundan xəbər verir. Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan isə parlament seçkilərində müxalifətin qalib gələcəyi təqdirdə, yeni müharibənin başlayacağına dair xəbərdarlıq edib. Diqqətçəkən açıqlamalardan biri də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandan gəlib. O, Azərbaycan və Ermənistan arasında hələ də həll olunmamış məsələlərin mövcudluğundan bəhs edib. Mirzoyanın “həlli tapılmayan məsələlər” deyərkən nəyi nəzərdə tutduğu sual altındadır.

Mövzu ilə bağlı hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın saxlanılması sülh prosesinə maneə yaradan əsas hüquqi-siyasi faktorlardan biridir:

“A.Mirzoyan həllini tapmayan məsələlər dedikdə bunu nəzərdə tutur. Rəsmi Bakı haqlı olaraq konstitusiyada Azərbaycanla Türkiyəyə qarşı yer alan ərazi iddialarının aradan qaldırılmasını istəyir. Ermənistan rəsmiləri sözdə Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləsələr də, Müstəqillik Bəyənnaməsi ərazi iddialarının hüquqi davamıdır. Eyni zamanda Azərbaycanla Ermənistan arasında kommunikasiya və nəqliyyat xətlərinin açılması, idarəetmə və təhlükəsizlik nəzarəti, gömrük və sərhəd rejimi kimi məsələlər müxtəlif fikirlər ətrafında düyünlənib. Sərhədin delimitasiyası və demakrasiyası prosesi də tam başa çatmayıb. Ermənilər kənar qüvvələrin təsiri altında 200 il ərzində müəyyən siyasi ambisiyalara alışdırıldıqları üçün çətin vəziyyətlərində belə bir qarış torpaq arzusundan əl çəkmirlər”. 

Ekspertin sözlərinə görə Ermənistan cəmiyyəti seçimini sülhdən yana etməlidir:

“Çünki revanşist qüvvələri dəstəkləmək ölkəyə və xalqa yeni imkanlar qazandırmayacaq. Onlar 30 il əvvəl erməni lobbisinin vasitəçiliyi ilə Qərbdən və Rusiyadan aldıqları yardım hesabına Qarabağı işğal etmişdilər. Bəs bu gün Ermənistana kim arxa çıxacaq?! Ukrayna ilə mübarizədə Rusiyanın özünə kömək lazımdır. Moskva Şərqi Avropa və Sakit okeandakı maraqlarını bir kənara atıb, Ermənistanın arzularının arxasınca düşən deyil. Yeni dünya düzəninin dəyişdiyi dövrdə bütün ölkələrin diqqəti öz daxili və xarici problemlərə yönəlib. Ona görə də Ermənistan cəmiyyəti sülhpərvər dairələrə səs verməklə ölkənin müharibə ocağına çevrilməsinin qarşısını almalıdır”. 

H.Səhrablı qeyd edib ki, mövcud vəziyyətdə müharibə aparmaq nə Bakıya, nə də İrəvana sərf edir:

“Müharibəni aparmaq üçün ən mühüm vasitə hərbi texnikadır. Hazırda silah satışı həyata keçirən ölkələr mümkün müharibə risklərinə qarşı öz arsenalını gücləndirməyə çalışırlar. Yəni Ermənistana sialh satan belə olmayacaq. Azərbaycan müharibədən sadəcə iqtisadi itkilərlə çıxacaq. Ermənistanın dövlət varlığı isə sual altına düşəcək. Məhz buna görə Paşinyan əlində olan 29 milyon kvadrat kilometrlik Ermənistan sərhədlərini qorumağa çalışır. Çünki o, bu sərhədlərin 1 milyon kvadrat kilometrinin belə ölkəsinə aid olmadığını çox yaxşı dərk edir. Məsələni qəlizləşdirib, müharibə elementinə çevirmək hazırda sahib olduqlarının da əllərindən çıxmasına səbəb olacaq”.