Büdcədən işsizliyin aradan qaldırılması üçün ayrılan pullar mənasızdır - Fazil Mustafa narazıdır
“Biz gördük ki, suvarmadan kənd təsərrüfatı sahələrinə qədər dövlətin vəsait qoyduğu hər şirkət bağlanmaqdadır”
Dünən Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova deyib ki, yaz sessiyasında Milli Məclisin 14 iclası keçirilib, 91 qanun qəbul edilib. Sədr bildirib ki, 1 yeni qanun qəbul olunub, 72 qanuna dəyişiklik edilib, 18 beynəlxalq sənəd təsdiqlənib.
Spiker əlavə edib ki, yaz sessiyasında parlamentdə hesabat, məruzə və məlumatlar dinlənilib: “Yaz sessiyası ərzində parlamentin beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı da müvafiq tədbirlər görülüb. 85 deputat 33 ölkəyə 213 səfər həyata keçirib. Millət vəkillərimiz Türkiyə, Qazaxıstan və Bolqarıstanda keçirilən seçkiləri müşahidə edib. Ümumiyyətlə, 343 xarici qonaq Milli Məclisdə olub. Milli Məclisdə 17 ölkənin sədr və sədr müavini ilə görüşlər keçirmişəm. Qeyd edim ki, 3 ölkənin qanunvericilik orqanları ilə Milli Məclis arasında Anlaşma memorandumları və sazişlər imzalanıb”. Sahibə Qafarova bildirib ki, iyun ayında Milli Məclisin növbədənkənar sessiyası olacaq: "83 deputat müraciət edib. Artıq bununla bağlı sərəncam imzalamışam”. Milli Məclisin sonuncu iclasında "2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
"Müdafiə olunan xərclərin təmin olunma səviyyəsi 119,8 faiz təşkil edib"
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 2022-ci ildə cari xərclərin qeyri-neft-qaz sektoru hesabına təmin olunma göstəricisi üzrə müsbət meyillər izlənib. Bu, cari xərclərin də il ərzində 2,5 mlrd. manat azalması hesabına baş verib. Palata sədri təbii resursla zəngin ölkələrdə dövlət büdcəsinin makrodiaqnostikası üzrə vacib nisbətlərdən hesab edilən cari xərc-qeyri-neft gəlirləri barədə danışıb: “2022-ci ildə cari xərclərin qeyri-neft/qaz gəlirləri ilə təmin olunma səviyyəsi əvvəlki illə müqayisədə 9 faiz bəndi artıb. Belə ki, qeyri-neft gəlirləri 15,4 mlrd. manat olmaqla cari xərclərin 86,5 faizini təşkil edib. Qeyd olunan artım dinamikası qeyri-neft-qaz gəliri/müdafiə olunan xərc nisbəti üzrə də qeydə alınıb, müdafiə olunan xərclərin təmin olunma səviyyəsi əvvəlki ilə müqayisədə 12,1 faiz bəndi artaraq 119,8 faizini təşkil edib”.
"Milli Məclisdə büdcəyə nəzarət komitəsi yaradılmalıdır"
Deputat Qüdrət Həsənquliyev deyib ki, büdcə ilə bağlı şəffaflığın yetərincə təmin olunmadığı göz önündədir. Parlament üzvü bildirib ki, Milli Məclis Hesablama Palatasının rəyində və deputatların çıxışlarında əksini tapmış müvafiq nəzarət funksiyasına uyğun olaraq qərarlar qəbul etməlidir: “Milli Məclisdə komitələr birləşdirilməli, büdcəyə nəzarət komitəsi yaradılmalıdır. Milli Məclis tərəfindən büdcəyə nəzarət tam təmin edilməlidir. Şəffaflığın artırılması üçün ciddi təkliflər hazırlanmalıdır. Biz yalnız hökumətdən qanun layihələri gözləməməliyik, özümüz qanun layihələri hazırlamalıyıq”. Deputat əlavə edib ki, sosial problemlər ucbatından intihar edən, kömək istəyən müharibə əlilləri, yoxsul insanlar ola-ola, büdcədən ayrılan pullara qənaət edilir: “Sosial müdafiəyə ayrılan pullar xərclənmədiyi halda 5-6 ildir, zabitlər ev növbəsindədir. Bölüşdürülməmiş xərclər büdcə xərclərinin 8 faizini təşkil edir ki, bu da narahatlıq doğurur”. Deputat, həmçinin metroda sıxlıq probleminə də toxunub: “Prezident tərəfindən metroda yeni xətlərin istifadəyə verilməsi tövsiyə olunmuşdu. Xətlərin sayı 5-ə, stansiyaların sayı isə 26-dan 70-ə çatdırılmalı idi. Amma 12 il ərzində cəmi 2 xətt istismara verilib”.
"Tibb müəssisələrində əlilliklə bağlı sənədlərin yarımçıq doldurulması problemlər yaradır"
Deputat Elman Nəsirov deyib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı çox müzakirələr gedir. Seçicilərimizdən də daha çox bu istiqamətdə müraciətlər daxil olur". O bildirib ki, tibb müəssisələrində əlilliklə bağlı sənədlərin yarımçıq doldurulması nəticəsində problemlər ortaya çıxır: "Bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə danışmışam. Onlar bildirirlər ki, xəstəxanalardan daxil olan məlumatlar əsasında Nazirlər Kabinetinin müvafiq sənədlərinə əsasən qərar verirlər. Bu səbəbdən tibb müəssisələrində bu məsələyə diqqət yetirilməsini istəyirəm".
Deputat şəhid ailələri və qazilərin problemlərini parlamentdə qaldırıb
Deputat Qənirə Paşayeva deyib ki, şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsi hələ də problem kimi qalmaqdadır: "Yaxşı olar ki, hər il hesabat kimi nə qədər qazi və şəhid ailəsinin işlə təmin olunduğu hesabatda açıqlansın”. Digər tərəfdən, qazi adının alınmasında, qazilərin dərman təminatında problemlər var. Bu ailələrlə bağlı məsələlərə individual yanaşılmalıdır. İlk şəhid həkimimizin ailəsi də müraciət edib, şəhid ailəsi kimi ev ala bilmir. Deyiblər ki, Kəlbəcərdə ev tikiləndə sizə ev verəcəyik. Bu, necə ola bilər? O, şəhiddir. Onsuz da ona Kəlbəcərdə ev verilməlidir, onun işğaldan öncə Kəlbəcərdə evi olub. Bu ailə hər iki imtiyazdan yararlanmalıdır”.
Q.Paşayeva 31 mayın Tütünlə mübarizə günü olduğunu da xatırladıb: “Biz bununla bağlı qanun qəbul etmişik. Amma qanunun icrası ilə bağlı heç bir addım atılmır. Tütün məhsullarının istifadəsinə dair çox yaxşı qanunumuz var, çox təəssüf ki, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması, məktəb yaxınlığında bu məhsulların satışının dayandırılması, reklamla bağlı məhdudiyyət tətbiq olunması istiqamətində heç bir iş görülmür”.
"Sahibkarlıq, özəl sektor inkişaf etdirilməlidir"
Deputat Fazil Mustafa işsizliyin aradan qaldırılması üçün büdcədən pul ayrılmasına qarşı olduğunu deyib: “Büdcədən işsizliyin aradan qaldırılması üçün ayrılan pullar mənasızdır. İşsizliyin aradan qaldırılması üçün sahibkarlıq inkişaf etdirilməlidir. Dövlət xətti ilə iş yerlərinin açılması problemi həll etmir. Biz gördük ki, suvarmadan kənd təsərrüfatı sahələrinə qədər dövlətin vəsait qoyduğu hər şirkət bağlanmaqdadır. Sahibkarlıq, özəl sektor inkişaf etdirilməlidir. Büdcədə yerli özünüidarəetmənin payı yoxdur”.
"1000 yerlik məktəbdə 1500-200 nəfər şagird təhsil alır"
F.Mustafa təhsil sahəsində də problemlərə toxunub: “1000 yerlik məktəbdə 1500-200 nəfər şagird təhsil alır. Layihə qəbul olunsa da, məktəblərdə bunun icrası ləngidilir. Digər tərəfdən, narkomaniyaya qarşı mübarizə üçün ayrı proqram hazırlanmalı, yüksək səviyyədə vəsait ayrılmalıdır. Bu sahədə ölkədə faciəvi vəziyyət yaranıb. Həbsxanada olan məhkumların böyük əksəriyyəti narkotik cinayətləri üzrə tutulanlardır. Onlar həbsxanada da problemlər yaradır”.