Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb.
Teleqraf xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışında deyib.
O bildirib ki, bu ölkələrə Afrikanın bütün 54 dövləti, Qoşulmama Hərəkatının 120 üzvündən 111-i, İslam Əməkdaşlıq Təşkilatının 57 üzv dövlətindən 52-si, 44 ən az inkişaf etmiş ölkədən 43-ü və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin 39-dan 28-i daxildir:
“2020-ci ildən etibarən ikitərəfli və çoxtərəfli yardım çərçivəsində təxminən 400 milyon ABŞ dolları ayrılıb. Fəaliyyətimiz müxtəlif formalarda həyata keçirilib. COVID-19 pandemiyası zamanı Azərbaycan 80 ölkəyə yardım göstərib. Afrikada əməkdaşlığımız Ebola epidemiyasına cavab tədbirlərinə və qarşısı alına bilən korluqla mübarizə alyansına dəstəyi əhatə edib. Bu təşəbbüs çərçivəsində 900 mindən çox insan göz müayinəsindən keçirilib, 150 mindən çox katarakta əməliyyatı aparılıb, eyni zamanda yerli tibb mütəxəssislərinin potensialının artırılması istiqamətində işlər görülüb”.
Nazir əlavə edib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri inkişaf əməkdaşlığımızın mühüm istiqamətlərindən birinə çevrilib:
“Birlik Katibliyi ilə tərəfdaşlığımız çərçivəsində Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərində iqlim dayanıqlığının və davamlı inkişafın dəstəklənməsi üçün, o cümlədən okeanların mühafizəsi, iqlim texnologiyaları və ölkələrin öz ehtiyaclarına uyğun həllər ilə bağlı layihələrə əhəmiyyətli resurslar ayırmağı öhdəsinə götürüb. Bu əməkdaşlığı mədəni irsin qorunması istiqamətində də genişləndiririk. Buraya inkişaf etməkdə olan kiçik ada dövlətlərinin öz irsini qorumaq və təbliğ etmək imkanlarının gücləndirilməsinə yönəlmiş və bu yaxınlarda UNESCO ilə elan edilmiş təşəbbüs də daxildir”.