- "Qırğızıstanla müttəfiqlik Türk dünyasının inteqrasiyasını sürətləndirəcək"
Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və etibarlı tərəfdaşlığa əsaslanan münasibətlər sisteminin qurulmasıdır. Son illərdə Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin sürətlə genişlənməsi də məhz bu siyasətin uğurlu nəticələrindən biridir. Coğrafi baxımdan Xəzər dənizi ilə ayrılan, tarixi və mədəni baxımdan isə ortaq köklərə malik olan Azərbaycan və Qırğızıstan bu gün münasibətlərini yalnız dostluq çərçivəsində deyil, strateji müttəfiqlik səviyyəsində inkişaf etdirirlər.
Bu günlərdə Prezident İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri səfər zamanı vurğuladığı kimi, müttəfiqlik münasibətləri qarşılıqlı etimadın ən yüksək forması olmaqla yanaşı, ortaq məsuliyyət də yaradır. Bu yanaşma iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsini, regional təhlükəsizlik məsələlərində ortaq mövqedən çıxış etməsini və iqtisadi əməkdaşlığı uzunmüddətli strateji hədəflər əsasında inkişaf etdirməsini nəzərdə tutur. Məhz bu baxımdan Çolpon-Atada keçirilən danışıqlar təkcə bugünkü münasibətlərin deyil, gələcək onilliklərin əməkdaşlıq modelini müəyyənləşdirən siyasi platforma kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri təkcə iki ölkə arasında münasibətlərin mahiyyətini deyil, həm də gələcək strateji əməkdaşlığın əsas fəlsəfəsini ifadə edir. Bu bəyanat Azərbaycanın xarici siyasət kursunun ardıcıllığını, etibarlı tərəfdaşlıq modelini və beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimada əsaslanan əməkdaşlıq prinsipini bir daha nümayiş etdirdi.

Milli Məclisin deputatı Şahin Seyidzadə Sherg.az-a bildirib ki, bu gün dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi xüsusi siyasi məna daşıyır. Onun sözlərinə görə, hər iki dövlət müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiq qalaraq beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasət həyata keçirir:
“Məhz bu ortaq yanaşma münasibətlərin daha da dərinləşməsinə möhkəm zəmin yaradır. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, bu gün dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qaldırılıb və qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində birgə səylər bir daha təsdiq olunub. Bu fikirlər təsadüfi deyil. Son illər Azərbaycan ilə Qırğızıstan arasında siyasi dialoq intensiv xarakter alıb, dövlət başçılarının qarşılıqlı səfərləri müntəzəm xarakter daşıyır, hökumətlərarası komissiyalar fəal işləyir, parlamentlərarası əməkdaşlıq genişlənir və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək davamlı xarakter alır.
Səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər münasibətlərin bütün istiqamətlər üzrə inkişaf etdiyini nümayiş etdirdi. İqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, enerji, təhsil, elm, mədəniyyət və humanitar sahələri əhatə edən razılaşmalar gələcək əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirdi. Dövlət başçısının qeyd etdiyi kimi, imzalanmış sənədlər paketi qarşılıqlı fəaliyyətin nə qədər geniş spektri əhatə etdiyini açıq şəkildə göstərir”.
Deputat qeyd edib ki, Azərbaycanın son illərdə Mərkəzi Asiya ilə münasibətlərə xüsusi önəm verməsi təsadüfi deyil. Türk dünyasının inteqrasiyası Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Orta Dəhlizin inkişafı, Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi Mərkəzi Asiya ölkələri üçün də yeni iqtisadi imkanlar yaradır.
Bu baxımdan Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq təkcə ikitərəfli münasibətlər deyil, bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyasına mühüm töhfə verir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir və təşkilatın daha təsirli beynəlxalq platformaya çevrilməsi istiqamətində eyni mövqedən çıxış edir.
Səfərin mühüm nəticələrindən biri də Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsinə görə Prezident İlham Əliyevin Qırğızıstan rəhbərliyinə və digər Mərkəzi Asiya dövlət başçılarına təşəkkür etməsi oldu. Bu qərar Azərbaycanın region ölkələri ilə münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərməklə yanaşı, ölkəmizin Mərkəzi Asiyada etibarlı tərəfdaş kimi qəbul edildiyini də təsdiqləyir.
İkitərəfli münasibətlərin inkişafında iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Son illərdə qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin həyata keçirilməsi və biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir. Dövlət başçılarının Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin 200 milyon ABŞ dollarına çatdırılması barədə razılığı bunun ən parlaq nümunəsidir.
Fondun kapitalının iki dəfə artırılması göstərir ki, tərəflər uzunmüddətli iqtisadi əməkdaşlığa inanır və yeni layihələrin maliyyələşdirilməsində maraqlıdır. Artıq Qırğızıstanda həyata keçirilən layihələr yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına, texnologiyaların tətbiqinə və regional iqtisadi inkişafın sürətlənməsinə xidmət edir. Bu layihələr yalnız iqtisadi göstəricilərin yaxşılaşmasına deyil, həm də xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir”.
Ş. Seyidzadənin sözlərinə görə, səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilmiş "Baku Resort & Spa" hotelinin istifadəyə verilməsi iqtisadi əməkdaşlığın real nəticələrinin nümayişidir:
“"Bakı" adını daşıyan bu müasir turizm kompleksi Azərbaycan investisiyasının Qırğızıstan iqtisadiyyatına verdiyi töhfənin rəmzinə çevrilib. Bu layihə gələcəkdə turizm, xidmət sektoru və regional investisiya əməkdaşlığının genişlənməsi üçün də yeni imkanlar açır.
Humanitar sahədə əməkdaşlıq da münasibətlərin ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin bəyanatında Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin açılışını xüsusi qeyd etməsi təsadüfi deyil. Bu məktəb Qırğız xalqının Qarabağın bərpasına verdiyi dəstəyin, həmçinin iki qardaş xalq arasında mənəvi bağların rəmzinə çevrilib.
Eyni zamanda Bakıda Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında yaxınlığın daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı - birinci dərəcəli "Manas" ordeni ilə təltif olunması iki ölkə arasında dostluğun və strateji tərəfdaşlığın yüksək qiymətləndirilməsinin göstəricisidir. Eyni zamanda Prezident Sadır Japarovun Azərbaycanın ali dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə mükafatlandırılması qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin simvoluna çevrildi. Bu qarşılıqlı ali mükafatlar dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin siyasi ifadəsidir.
Səfərin mühüm siyasi nəticələrindən biri də Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi oldu. Bu sənəd Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni inkişaf mərhələsini müəyyənləşdirərək nəqliyyat, enerji, logistika, rəqəmsallaşma, təhlükəsizlik, investisiya və humanitar əməkdaşlıq istiqamətlərində qarşılıqlı fəaliyyət üçün yeni perspektivlər açır.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri yalnız ikitərəfli münasibətlərin inkişafına xidmət edən diplomatik hadisə deyil. Bu səfər həm də Türk dünyasının inteqrasiyasının güclənməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi və iqtisadi körpülərin möhkəmlənməsi, regional sabitliyin və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə regional əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir. Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi, iqtisadi layihələrin genişləndirilməsi, humanitar əlaqələrin inkişafı və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsi gələcək illərdə də iki qardaş ölkənin əməkdaşlığını daha da möhkəmləndirəcək. Bu münasibətlər təkcə iki dövlət üçün deyil, bütövlükdə Türk dünyasının həmrəyliyinin və Avrasiya məkanında yeni əməkdaşlıq modelinin mühüm nümunəsinə çevrilir”.