Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin

  • Mübarizə aparan üzgüçü kimi, o da səthdə qalmaq üçün çıxılmaz addımlara əl ata bilər

Müəllif: Piter Frankopan - Oksford Universitetinin qlobal tarix professoru

Rusiya Prezidenti Vladimir Putin üçün çətin dövrdür. Onun 2022-ci ildə Ukraynaya qarşı başlatdığı və Kiyevdə özünə tabe bir rejim qurulana qədər cəmi bir neçə gün davam edəcəyi nəzərdə tutulan “xüsusi hərbi əməliyyat” artıq həm Sovet İttifaqının nasist Almaniyasına qarşı apardığı müharibədən, həm də Birinci Dünya müharibəsinin bütün müddətindən daha uzun çəkib.

Rusiya qüvvələri artıq uzun müddətdir ki, döyüş meydanında əhəmiyyətli irəliləyiş əldə edə bilmir. Hətta bəzi məlumatlar göstərir ki, Rusiya qüvvələri aprel və may aylarında ərazi itkiləri ilə üzləşib.

Rusiyanın əldə etdiyi hər hansı ərazi uğuru isə son dərəcə yüksək qiymətə başa gəlib. Ötən ay Britaniyanın kəşfiyyat qurumu GCHQ-nin direktoru Anna Keast-Batler yeni kəşfiyyat məlumatlarına istinad edərək Rusiya ordusunun müharibədəki itkilərinin, ehtimal ki, 500 minə yaxınlaşdığını bildirib. Müxtəlif Qərb mənbələri isə Rusiyanın ümumi itkilərinin 1 milyondan əhəmiyyətli dərəcədə çox olduğunu bildirir.

Nisbi baxımdan itkilərin miqyası daha da heyrətamiz görünür. Bəzi məlumatlara görə, hazırda Rusiya hərbçilərinin hər səkkiz öldürülən və ya ağır yaralanan əsgərinə qarşı Ukrayna tərəfində cəmi bir belə itki qeydə alınır.

Bu il Rusiya ordusunun aylıq itkiləri orta hesabla 30 mindən çox olduğu üçün ordu həmin itkiləri yeni çağırışçılarla əvəz etməkdə çətinlik çəkir. Daha çox kişinin orduya yazılmasını təşviq etmək məqsədilə Rusiya 80 min dollara qədər birdəfəlik ödənişlər, eləcə də 140 min dollara qədər borc silinməsi təklif edir.

Müəllifin məqaləsi genişdir. O, sonda qeyd edir ki, dalğa Putinə qarşı çevrilir. Boğulan adamdan ehtiyat edin! Çünki mübarizə aparan üzgüçü kimi, o da səthdə qalmaq üçün çıxılmaz addımlara əl ata bilər.