Davosda gərginlik artdı: Aİ-dən Trampa sərt mesaj - “Güzəştə getməyəcəyik”

Davosda keçirilən 56-cı Dünya İqtisadi Forumu çərçivəsində Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı qərarına sərt reaksiya verib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu addım transatlantik münasibətlər üçün ciddi risk yaradır və müttəfiqlik ruhuna ziddir.

Sherg.az xəbər verir ki, Fon der Lyayen ötən il ABŞ-Aİ arasında imzalanmış ticarət razılaşmasını xatırladaraq vurğulayıb ki, verilən vədlərə əməl olunmalıdır:

“Əgər əl sıxılıbsa, onun arxasında durmaq lazımdır.”

Aİ rəhbəri qeyd edib ki, Avropa ABŞ-ni strateji tərəfdaş və dost ölkə kimi görür, lakin birtərəfli addımlar qarşılıqsız qalmayacaq. Onun sözlərinə görə, Avropa İttifaqı mümkün təzyiqlərə qarşı vahid mövqedən, ölçülü, lakin güzəştsiz cavab verəcək.

Ursula fon der Lyayen çıxışında Arktika regionunun artan strateji əhəmiyyətinə də toxunub. O bildirib ki, Avropa bu istiqamətdə yeni təhlükəsizlik və investisiya paketi hazırlayır. Paket üç əsas prinsipə söykənir:

– Qrenlandiya və Danimarkanın suverenliyi müzakirə mövzusu deyil;

– Qrenlandiyaya genişmiqyaslı investisiyalar yatırılacaq;

– Arktika təhlükəsizliyi sahəsində ABŞ ilə əməkdaşlıq gücləndiriləcək.

Fon der Lyayen vurğulayıb ki, Arktika məsələsində ABŞ ilə birgə hərəkət həm Avropa, həm də Vaşinqton üçün ortaq maraqlara xidmət edir.