Dövlət Baxçalı: Təyyarə qəzası düşündürücü və üzücüdür

MHP-nin sədri Dövlət Baxçalı Türkiyə-Liviya dialoqunun artdığı bir dövrdə baş verən təyyarə qəzasının düşündürücü və üzücü olduğunu bildirib.

Sherg.az xəbər verir ki, MHP sədri Liviyanın hərbi nümayəndə heyətini daşıyan reaktiv təyyarənin qəzaya uğraması ilə bağlı açıqlama verib.

Aralarında Liviyanın Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd Əl-Həddad və Quru Qoşunları Komandanı, general-leytenant Alfitory Jribilin də olduğu ümumilikdə 8 nəfərin həlak olması ilə bağlı başsağlığı mesajı yayımlayan Baxçalı deyib:

“Türkiyə ilə Liviya arasında səmimi və yaxın dialoqun artdığı, qarşılıqlı hüquq və maraqların uzlaşma şəraitində müdafiə edildiyi bir dövrdə baş verən bu təyyarə qəzası həm düşündürücü, həm də son dərəcə üzücüdür.”

Liviyanın ağrısının Türkiyənin də ağrısı olduğunu vurğulayan Baxçalı əlavə edib:

“Bu münasibətlə dost və qardaş ölkə Liviyaya başsağlığı veririk, həyatını itirənlərə Uca Allahdan rəhmət diləyirik.”

Qeyd edək ki, Ankaraya rəsmi səfər üçün gələn Liviyanın Baş Qərargah rəisi və hərbi nümayəndə heyətini geri aparan təyyarə Haymana rayonunda dağlıq əraziyə düşüb.

Qəza nəticəsində aralarında Liviyanın Baş Qərargah rəisi və Quru Qoşunları Komandanının da olduğu 5-i hərbçi olmaqla 8 nəfər həyatını itirib.

Təxminən 2,5 saatlıq axtarışdan sonra təyyarənin qalıqları Haymana rayonunun Kesikkavak kəndindən 2 kilometr cənubda aşkar edilib.

Təyyarəyə məxsus səs yazıcı cihaz və qara qutu da tapılıb. Qalıqların 3 kilometrlik əraziyə yayıldığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.