Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri Kaya Kallasın “Rusiya uzunmüddətli sülh üçün öz qoşunlarını Gürcüstanın bütün işğal olunmuş ərazilərindən çıxarmalıdır” açıqlamasına münasibət bildirib:
“Avropa İttifaqının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndiririk və bu dəstək daha konkret forma alsa, daha xoş olardı. Avropa İttifaqı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyəndə, bunu yalnız alqışlayırıq. Konkret avropalı məmuru tənqid etməli olduğumuz yerdə tənqid edirik, təşəkkür edə biləcəyimiz yerdə isə təşəkkür edirik. Bu, avropalı siyasətçilərə minnətdarlıq ifadə edə biləcəyimiz haldır. Harada minnətdarlıq haqq edirlərsə, orada təşəkkür edəcəyik, harada tənqid haqq edirlərsə, orada tənqidimizi bildirəcəyik” - deyə Kobaxidze bildirib.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, “Gürcüstanın Baş nazirinin verdiyi açıqlama təbii ki, Avropa Birliyinə münasibətdə pozitiv məzmun daşıyır:
"Son vaxtlar Gürcüstanla Avropa Birliyi arasında münasibətlərin ziddiyətli olduğu müşahidə edilirdi. Xüsusilə də, Gürcüstanın AB-yə üzvlük məsələsi ətrafında yaranmış qarşıdurma iki tərəf arasında münasibətlərin pozulmasına şərait yaratmışdı. Ən əsası da rəsmi Tbilisi AB-ni Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham edirdi. Belə bir şəraitdə Avropa İttifaqı təmsilçisinin Gürcüstanın ərazi bütövlüyü məsələsini yenidən gündəmə gətirməsi təsadüfi addım deyil. Son dövrdə Brüsselin Gürcüstana münasibətdə daha məsafəli və ehtiyatlı davranması fonunda bu bəyanat siyasi siqnaldır.
Kaja Kallasın bəyanatına rəsmi Tiflisin ölçülü reaksiya verməsi tərəflər arasında diplomatik kanalların açıq qaldığını göstərir. Bu isə yaxın perspektivdə münasibətlərin normallaşma ehtimalını artırır.
Amma məsələ yalnız ikitərəfli münasibətlərin bərpası ilə məhdudlaşmır. Aİ-nin bu mövzunu qaldırması daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir. Gürcüstan ərazisinin bir hissəsi faktiki olaraq Rusiya hərbi nəzarəti altındadır. Rusiya 2008-ci ildən sonra Abxaziya və Cənubi Osetiyada separatçı qurumları siyasi, maliyyə və hərbi baxımdan dəstəkləyir, həmçinin həmin ərazilərdə hərbi kontingent saxlayır. Bu fakt beynəlxalq hüquq baxımından Gürcüstanın ərazi bütövlüyünə açıq müdaxilə kimi qiymətləndirilir.
Aİ-nin məsələni yenidən qabartması Rusiyanın regional siyasətini sistemli şəkildə “işğalçılıq modeli” kimi təqdim etmək strategiyasının tərkib hissəsi ola bilər.
Əgər Aİ–Gürcüstan münasibətləri doğrudan da normallaşarsa, bu, Rusiyaya qarşı diplomatik təzyiq mexanizmlərinin gücləndirilməsi ilə müşayiət oluna bilər”.