Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Azərbaycan Xarici İşlər Nazirliyinin elan etdiyi “arzuolunmaz şəxs”lər siyahısında Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fateh Ərbakanın da adı var.

Axar.az xəbər verir ki, onun Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.

Vurğulanıb ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.

Xatırladaq ki, F.Ərbakan Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğludur. Fateh Ərbakan Azərbaycanda gülüşlə qarşılanan "Araşdırdıq ki, Ermənistanda belə hicaba qadağa yoxdur" sözlərinin müəllifidir. Qardaş ölkənin hakimiyyətə iddialı siyasətçisi hələ bilmir ki, Ermənistanda müsəlman yoxdur və ümumiyyətlə, Ermənistan monoetnik ölkədir, türkləri (azərbaycanlıları) bir əsr ərzində 4 dəfə deportasiyaya məruz qoyub, türk-müsəlmanlara qarşı etnik təmizləmə aparıb, dinc, mülki müsəlmanlara qarşı soyqırım siyasəti aparıb.