Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana hücumları ilə başlayan savaşı mənasız və qanunsuz adlandırıb.
"Report" xəbər verir ki, Türkiyə Prezidenti bunu Dünya İqtisadi Forumunun Türkiyə Ölkə Strategiyası Toplantısında çıxışı zamanı deyib.
"Bir aydır bölgəni dərindən sarsıdan bu mənasız, qanunsuz və gərəksiz müharibənin bədəlini münaqişə tərəfləri qədər bütün bəşəriyyət ödəyir", - o deyib.
Ərdoğanın sözlərinə görə, diplomatiya və dialoq yolu ilə ortaq məxrəcə gəlmək mümkün olan zamanda müharibənin davam etdirilməsi bütün bəşəriyyətin ziyanınadır: "Münaqişələr sona çatmasa, böyük bədəl ödəniləcək".
O, son illər qlobal iqtisadiyyatın pandemiya sonrası bərpa prosesi, yaşıl və rəqəmsal transformasiya, artan ticarət gərginlikləri və geosiyasi proseslərlə formalaşan bir gündəmin içinə sürükləndiyini də xatırladıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.