Ermənistan coğrafi dalandan çıxmaq üçün Bakıya möhtacdır - ŞƏRH

 Regional qovşaq olmaq istəyən İrəvanın yolu Azərbaycandan keçir

Ermənistan regional ticarət qovşağına çevrilə bilər.Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunlarına dair çıxışında deyib. 

O, rəsmi Brüsselin regionda ticarət yollarının inşasına dəstək verməyə hazır olduğunu bəyan edib.

Ursula fon der Lyayen vurğulayıb ki, Ermənistan Mərkəzi Asiyaya və Xəzər dənizinə gedən ən qısa marşrut üzərində yerləşir. O, müharibə və geosiyasi səbəblərdən bu yolun uzun müddət qapalı qaldığını xatırladıb:

"Sizin sülh naminə atdığınız cəsarətli addımlar və Avropa şəbəkələrinə inteqrasiya seçiminiz vəziyyəti dəyişir. Bunun sayəsində Ermənistan yeni ticarət marşrutlarının, xüsusilə kritik xammal daşınması sahəsində regional qovşağa çevrilə bilər".

Ermənistan coğrafi dalanda yerləşdiyini xatırladan iqtisadçı Natiq Cəfərli Sherg.az-bildirib ki, onun regional qovşağa çevrilməsi üçün Azərbaycan və Türkiyə ilə sərhədləri açılmalıdır:

"Ermənistanın mövcud geosiyasi vəziyyəti onun iqtisadi inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Ölkə faktiki olaraq regional nəqliyyat və ticarət marşrutlarından kənarda qalıb və bu “coğrafi dalan”dan çıxışın əsas yolu qonşu ölkələrlə sərhədlərin açılmasından keçir. Yəni, Ursula fon der Lyayenin dedikləri reallıqdan uzaq deyil. Müəyyən şərtlər daxilində Ermənistanın regional ticarət və logistika qovşağına çevrilməsi mümkündür.  

Azərbaycandan keçən yüklər Ermənistanın 43 kilometrlik "Tramp yolu"dan keçməklə Naxçıvana, Türkiyəyə oradan isə Avropaya və əks istiqamətə gedə bilər. Regional qovşaq Ermənistanın 43 kilometrlik ərazisi hesab olunur. Bu hissə vasitəsilə yüklərin Avropaya daşınması Ermənistan üçün əlavə iqtisadi imkanlar yarada bilər.

Ursula fon der Lyayenin Ermənistanı regional qovşağa çevirmək perspektivindən danışması da bu kontekstdə təsadüfi deyil. Avropa İttifaqının bu istiqamətdə maraq göstərməsi regionda alternativ nəqliyyat marşrutlarının formalaşdırılması və iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlıdır. Bu isə dolayısı ilə Ermənistan üzərindən keçən kommunikasiya xətlərinin açılmasına dəstək kimi qiymətləndirilə bilər".

N.Cəfərli qeyd edib ki,Ursula fon der Lyayenin Ermənistanı regional qovşağa çevirmək planlarından danışarkən çox güman Tramp yolunun açılmasında Avropanın da maraqlı olduğunu bəyan edib. Bu yolun açılması Ermənistanın coğrafi dalandan çıxarılmasına səbəb olacaq:

"Ermənistanın regional “hab”a çevrilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Çünki regionda əsas nəqliyyat və logistika axınlarının böyük hissəsi məhz Azərbaycan üzərindən keçir və ölkə artıq formalaşmış infrastruktur və coğrafi üstünlüklərə malikdir. Ermənistan bu sistemə yalnız inteqrasiya yolu ilə qoşula bilər.

Regional qovşaq Ermənistanın 43 kilometrlik ərazisi hesab olunur. Azərbaycandan isə 500-600 kilometrlik bir məsafədən söhbət gedir. Deməli, Ermənistan üçün əsas seçim izolə olunmuş vəziyyətdə qalmaq deyil, regional əməkdaşlığa qoşulmaqdır. Əgər bu əməkdaşlıq baş tutarsa, ölkə həm Gürcüstan, həm də Azərbaycan vasitəsilə daha geniş iqtisadi sistemə inteqrasiya edərək tranzit və ticarət imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər".