Ermənistan əlavə vaxt qazanmağa çalışır - Ekspert
Azərbaycan Ordusu bu dəfə də güc amilinə müraciət etməyə məcbur qalacaq
“Görünən odur ki, Paşinyan həm Qərbə, həm daxili auditoriyaya, həm də Rusiyaya oynayır”
Qarabağdakı separatçılar növbəti təxribatlara hazırlaşırlar. Sosial şəbəkələrdə yayılan səs yazısında Fransa vətəndaşı olan Daşnaksütyun üzvü təxribatın mahiyyətini açıqlayıb. Onun sözlərinə görə, dünyanın diqqətini Qarabağa yönəltmək üçün “qurbanlar” verilməlidir. Erməni terrorçu öz millətindən olan sakinlərin məhv edilməsi və bununla dünyada Azərbaycana qarşı təbliğat aparılmasından bəhs edib. Yəni bir neçə erməni öldürülür və cinayəti Azərbaycan tərəfinə atmaq üçün erməni təbliğat maşını ənənəvi qaydada işə düşür.
Ermənilərin təxribat ssenariləri ilə bağlı "Sherg.az"a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, Ermənistan, Rusiya, Fransa və bir çox hallarda İran Qarabağda separatçıların əli ilə prosesləri körükləyirlər. Polkovnikin sözlərinə görə, bu həm də kənar dövlətlərin Qarabağa müdaxiləsidir:
"Separatçıların hədyanlarına, təhdid və hədələrinə gəldikdə isə onlar çox gözəl bilirlər ki, əcəl zəngləri çalınıb. Azərbaycan tərəfi martdan bu yana dəfələrlə separatçılara başa salmaq istəyib ki, mənasız inadkarlığı, təhlükəli israrı heç nə ilə nəticələnməyəcək. Şərtləri, tələbləri qəbul etməyənlərə qarşı Azərbaycan qanunları var gücü ilə işləyəcək. Separatçılar istənilən təxribata əl atsalar da, dünya bilir ki, Qarabağ Azərbaycan ərazisidir. Hazırda orada separatizm meyilləri var və Rusiya buna hərtərəfli dəstək çıxır. İndiki proseslərdə daha çox rusun barmağı görünür. Rusiyanın Xarici İşlər Nazirliyi, o cümlədən Dövlət Dumasının vitse-spikerinin açıqlamaları da göstərir ki, Qarabağdakı təxribatlar məqsədyönlü şəkildə həyata keçirilir və arxasında konkret hansı ölkə dayanır. Məsələ ondadır ki, bu cür hadisələrin perspektivi yoxdur. Belə təxribatlarla nəyəsə nail olmaq, məqsədə çatmaq mümkünsüzdür. Vəziyyət gərginləşəcəyi təqdirdə antiterror əməliyyatlarına başlayacağıq. Azərbaycanın komando qüvvələri, xüsusi təyinatlılarımız tam hazır vəziyyətdədir".
Ü.Cəfərov vurğulayıb ki, Azərbaycan Ordusu bu dəfə də güc amilinə müraciət etməyə məcbur qalacaq:
"Sülh danışıqları, fərqli platformalarda aparılan müzakirələr daha çox Ermənistana əlavə vaxt qazandırmağa yarayır. Baş nazir Nikol Paşinyan ara-sıra sülhdən danışsa da, ardınca Bakını ittiham edir, növbəti müharibə ehtimalından danışır. Görünən odur ki, Paşinyan həm Qərbə, həm daxili auditoriyaya, həm də Rusiyaya oynayır. Qarabağda yaxın dönəmlərdə vəziyyətin həddindən artıq gərginləşəcəyi ehtimalı böyükdür. Şəxsən mən sülhün elementlərini, sülh ab-havasını hiss etmirəm. Bu prosesdə maraqlı olan bəzi dövlətlər Ermənistana silah-sursat verir, revanşistləri, separatçıları təhrik edirlər. Separatçılar da öz sərsəm bəyanatları ilə dünyanın diqqətini özlərinə çəkmək istəyirlər. Əslində bu, hibrid mübarizənin bir elementidir".