Bu il konstitusiya dəyişikliyinin baş vermə ehtimalı mövcuddur, lakin yüksək deyil
Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi fikirlər Cənubi Qafqazda sülh gündəliyinin hazırkı mərhələsi baxımından mühüm siyasi mesaj kimi qiymətləndirilir. Dövlət başçısı həm Ermənistanla davam edən normallaşma prosesinin perspektivlərinə, həm də regionun geoiqtisadi gələcəyində xüsusi yer tutan Zəngəzur dəhlizinin açılması məsələsinə toxunaraq, sülh müqaviləsinin imzalanması üçün əsas maneənin Ermənistan konstitusiyasında dəyişikliklərin aparılması olduğunu vurğulayıb: “Ümid edirəm ki, biz bu il sülh müqaviləsini imzalayacağıq. Mən bu haqda artıq dəfələrlə danışmışam və bildirmişəm ki, sülh sazişinin Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə paraflanması, Ermənistanın baş naziri və öz tərəfimdən, Prezident Trampın da şahid qismində bəyannamənin imzalanması söyləməyə əsas verir ki, sülh artıq əldə olunub. Avqustdan bəri biz nəinki sərhədimizdə tamamilə yeni vəziyyət yaratmışıq, o cümlədən orada artıq nə atışma, nə ölənlər, nə yaralananlar, nə də ki, problemlər müşahidə olunur”.
Bu açıqlamalar göstərir ki, rəsmi Bakı sülh sazişinin artıq praktiki mərhələyə yaxınlaşdığını hesab edir və prosesin hüquqi əsaslarının formalaşdırılmasını əsas prioritet kimi irəli sürür.
Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri Tural İsmayılov “Sherg.az”a açıqlamasında bildirib ki, İlham Əliyev Münhendə çıxışında Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə dolayı istinad edən müddəaların qalmasının sülh müqaviləsinin hüquqi sabitliyini şübhə altına aldığını bir daha vurğulayıb: 
“Rəsmi Bakı hesab edir ki, normativ bazada ziddiyyət qalarsa, imzalanacaq sənəd uzunömürlü olmayacaq və gələcək siyasi dalğalanmalar zamanı revizionist interpretasiyalara açıq qalacaq. Bu arqument hüquqi məntiq baxımından anlaşılandır: dövlətlərarası müqavilə ilə daxili konstitusion norma arasında kolliziya yaranarsa, həmin ölkənin Konstitusiya Məhkəməsi istənilən vaxt müqaviləni sual altına ala bilər. Məsələnin praktik tərəfi isə daha mürəkkəbdir. Ermənistanda konstitusiya dəyişikliyi referendum tələb edir və bu, həm siyasi iradə, həm də ictimai konsensus deməkdir. Hazırkı şəraitdə hakimiyyət sülh gündəliyini müdafiə etsə də, müxalif düşərgə bunu “tarixi imtina” kimi təqdim edir. Cəmiyyət daxilində Qarabağ mövzusu emosional və identik xarakter daşıdığından referendumun nəticəsi əvvəlcədən zəmanətli görünmür. Üstəlik, regionda geosiyasi rəqabət davam edir və xarici aktorların informasiya təsiri prosesə əlavə risklər yaradır”.
T. İsmayılov qeyd edib ki, iqtisadi reallıqlar və təhlükəsizlik ehtiyacları İrəvanı rasional seçimə sövq edə bilər:
“Kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və regional inteqrasiya perspektivi Ermənistan üçün ciddi iqtisadi dividendlər vəd edir. Əgər hakimiyyət bunu sosial rifah gündəliyi ilə əlaqələndirə bilsə, referendumun keçirilməsi daha real ssenariyə çevrilə bilər. Bu il konstitusiya dəyişikliyinin baş vermə ehtimalı mövcuddur, lakin yüksək deyil; proses daha çox siyasi risklərin idarə olunmasından asılıdır. Dəyişiklik reallaşarsa, sülh müqaviləsinin imzalanması üçün hüquqi maneə aradan qalxar və sənədin dayanıqlılığı artar. Əks halda, tərəflər arasında etimad defisiti qalacaq və proses uzana bilər”.