Ermənistan Rusiyadan uzaqlaşır, Bakı və Ankaraya yaxınlaşır - Dr.Hüsamettin İnaç

  • "Rusiyanın bölgədə zəifləyən mövqeyinin yaratdığı boşluğu Azərbaycanın, Türkiyənin və hətta son dövrdə Gürcüstanın da iştirakı ilə doldurmağa çalışır"

Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünün dayandırılmasının mümkün nəticələri regionun siyasi və iqtisadi gündəmində müzakirə olunan məsələlərdəndir.

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələri bu məsələyə dair hesabat hazırlayıblar. Mövzu Ermənistanın xarici siyasətindəki dəyişikliklər, Rusiya ilə münasibətləri və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda diqqət çəkir.

Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a Ermənistanın son dövrdə, xüsusilə Nikol Paşinyan hakimiyyəti ilə birlikdə fərqli siyasi xətt izləməyə başladığını söyləyib:

"44 günlük Vətən müharibəsindən sonra Paşinyan Avropadan, Fransadan və ABŞ-dən, xüsusilə də vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrləri olmuş ölkələrdən ciddi dəstək axtarışına çıxdı. Lakin bu dəstəyi lazımi səviyyədə ala bilmədikdən sonra problemin həllinin Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər, eləcə də mehriban qonşuluq əlaqələri qurmaqdan keçdiyini gördü və bu istiqamətdə siyasətini dəyişdi.

Xüsusilə müharibə dövründə Rusiyanın Ermənistana yardım etməməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) prosesə müdaxilə etməməsi nəticəsində Ermənistanın Rusiya ilə münasibətləri əhəmiyyətli dərəcədə pisləşdi. Hazırda Ermənistan öz sərhədlərinin mühafizəsində iştirak edən Rusiya hərbi qüvvələrinin də ölkədən çıxarılmasını istəyir. Eyni zamanda, ölkənin Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünün dayandırılması məsələsi də gündəmdədir. Beləliklə, Ermənistan daha müstəqil siyasət yürütməyə çalışır". 

Politoloq bildirib ki, hazırkı şəraitdə, xüsusilə Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Rusiyanın diqqətinin böyük ölçüdə Ukraynaya yönəldiyi bir vaxtda, bu siyasət Ermənistan üçün həyata keçirilə bilən strategiya kimi görünür:

"Rusiyanın bölgədə zəifləyən mövqeyinin yaratdığı boşluğu Azərbaycanın, Türkiyənin və hətta son dövrdə Gürcüstanın da iştirakı ilə doldurmağa çalışmaq Ermənistan baxımından məqsədəuyğun addım hesab oluna bilər. Lakin bu siyasət qısa müddətdə faydalı nəticələr versə də, orta və uzunmüddətli perspektivdə müəyyən risklər yarada bilər. Belə ki, Ukrayna müharibəsi başa çatdıqdan və Rusiya öz mövqelərini bərpa etdikdən sonra Ermənistan həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi çətinliklərlə üzləşə bilər. Bununla belə, mən Azərbaycanın və Türkiyənin belə bir vəziyyətin yaranmasına imkan verəcəyini düşünmürəm.

Çünki Paşinyan son dövrdə ölkəsi və xalqı üçün qərarlar qəbul edərkən Azərbaycan və Türkiyə ilə əməkdaşlığın əhəmiyyətini nəzərə alır. O, bu ölkələrlə birlikdə hərəkət etməyin vacibliyini anlayır, sülhə və sabitliyə nail olmaq istiqamətində addımlar atır. Ermənistanın enerji siyasətini də bu yeni reallıqlara uyğun şəkildə formalaşdırmağa başladığı müşahidə olunur".

Ekspert bu baxımdan, qısa müddətdə Ermənistanın ciddi problemlərlə üzləşəcəyini düşünmədiyini deyib:

"Azərbaycanın və Türkiyənin dəstəyi ilə Türkiyə-Ermənistan sərhədinin açılması və yekun sülh sazişinin imzalanması baş verərsə, Ermənistanı daha yüksək rifah və sabitliklə səciyyələnən bir dövr gözləyər. Bu istiqamətdə atılacaq addımlar Ermənistanın gələcək inkişafı üçün mühüm imkanlar yaradar".