Ermənistan sülhə yaxın gəlmir - Nə baş verəcək?

Görünən odur ki, Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddəti azaldıqca, təxribatlar artacaq
  
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sülh danışıqları haqqında açıqlamalar verib. A.Qriqoryan Azərbaycanın öz suveren ərazisində sərhəd-keçid məntəqəsinin quraşdırmasından tutmus, kommunikasiyaların açılmasına, delimitasiya və demarkasiyanın aparılmasınadək bir çox məqama toxunub. Ermənistan TŞ-nin katibi danışıqların intensiv getdiyini və bu kurs davam edərsə, beynəlxalq ictimaiyyətdən dəstək olarsa, ilin sonunda sülh sazişinin bağlanmasının mümkünlüyünü deyib. Lakin Qriqoryan "Ermənistanın sülh danışıqlarına sadiq olduğunu" iddia etsə də, onun qərəzli açıqlamaları və Azərbaycanı ittiham etməsi İrəvanın heç də sülh niyyətində olmadığını göstərir. Qriqoryanın Laçın yolunun başlanğıcında qurulmuş nəzarət-buraxılış məntəqəsini əsassız tənqidi, yolun "bağlı" olması iddiası, ermənilərin guya "blokadada" saxlandığını söyləməsi sülh prosesinə zərbə vurur. Azərbaycan suverən ölkədir və sərhədlərinə də özü nəzarət edir. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, lakin sərhəd-keçid məntəqəsinin quraşdırılmasını qəbul etmək istəmir. Qriqoryan deyib ki, Ermənistan Qarabağda və Laçın yolunda beynəlxalq ictimaiyyətin iştirakının tərəfdarıdır. Həmçinin qeyd edib ki, Ermənistan Rusiya ilə arasındakı silah tədarükü məsələsi həll olunana qədər alternativ həll yolları axtarır: “Biz başqa resursların axtarışı yolu ilə getmişik, silahların alınması ilə bağlı müzakirələr apardığımız bir çox ölkələr var. Onların bəziləri ilə artıq nəticə əldə etmişik, bəziləri ilə isə danışıqlar hələ də davam edir”. Ermənistan Təhlükəsizlik Şurasının katibi 1975-ci il xəritəsi üzrə demarkasiyası ilə bağlı müəyyən irəliləyişin olduğunu da bildirib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, Ermənistanla Azərbaycan arasında demarkasiya ilə bağlı konkret xəritə üzrə yekun razılaşma yoxdur. Mirzoyan qeyd edib ki, demarkasiyanın əsasını bu və ya digər tərəf üçün faydalı olan sənədlər və xəritələr deyil, hüquqi baxımdan ən toxunulmaz olanlar təşkil etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi də Qriqoryanın iddialarını cavabsız qoymayıb. XİN-dən bildirilib ki, Laçın sərhəd-buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsini həzm edə bilməyən Ermənistan rəsmisinin "yolun bağlanmasını" iddia etməsi gülüncdür: "Erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil, əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı. Bölgədə sülh prosesinin irəlilədilməsi əvəzinə, Ermənistanın rəsmi şəxsinin ölkəsinin yeni silahlanma dövrünə qədəm qoyduğunu bəyan etməsi, bu ölkənin hələ də tarixdən dərs çıxartmadığını nümayiş etdirir. Əldə edilmiş razılıqları yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan tərəfinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir”.

  Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan və ona havadarlıq edənlər regionda sülhün, əmin-amanlığın bərqərar olunmasında maraqlı deyillər. Ekspertin sözlərinə görə, erməni tərəfinin davamlı təxribatlara yol verməsi də bunu göstərir: "Qriqoryan Ermənistanın guya sülhdə maraqlı olduğunu söyləyir. Hətta ilin sonunadək sülh müqaviləsinin imzalana biləcəyindən danışır. Lakin ardınca iddia edir ki, "Laçın yolu bağlıdır", "ermənilər blokadadadır" və s. Ermənistan hökumətinin nümayəndələri ötən ilin dekabr ayında sənədə imza atacaqlarını demişdilər. Lakin ötən müddət ərzində nəinki hansısa sənədə imza atılıb, əksinə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə durmadan təlim keçiblər, atəş hazırlığı görüblər. Təxribatçı hərəkətlər, atəşkəs pozuntuları bu gün də davam etməkdədir. İrəvan sülhdə maraqlı, istəkli olsaydı, tamam başqa addımların şahidi olardıq. Bu da onu göstərir ki, növbəti aylarda vəziyyətin daha da kritikləşməsini müşahidə edəcəyik. Görünən odur ki, Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddəti azaldıqca, təxribatlar artacaq və Ermənistan sülhə yaxın gəlməyəcək. Kreml rus qoşunlarının Qarabağda uzun müddət qalmasına "böyük ehtiyac" olduğu görüntüsünü yaratmağa çalışır. Rusiya və Ermənistan öz oyunlarını davam etdirir".

  Polkovnik vurğulayıb ki, Laçın yolunda quraşdırılan sərhəd-keçid məntəqəsi ay yarımdır fəaliyyət göstərir və ötən müddətdə heç bir insident, narazılıq yaşanmayıb:

 "Ermənilər normal yoxlama prosedurundan keçərək yolla sərbəst hərəkət edirlər. Bununla da heç bir qeyri-qanuni keçidlərə, silah-sursat daşınmasına imkan verilmir. Məqsəd məhz bunu pozmaqdır, çünki separatçılar pis vəziyyətdədir. Rusiya separatçılara verdiyi sözü tuta bilmədi. Nə qədər çalışsalar da, Laçın yolundakı nəzarət-buraxılış məntəqəsini ləğv edə bilmədilər. Azərbaycan öz yolu ilə gedir. Ermənistan isə cığallıq etməklə, pozuculuq fəaliyyəti ilə məşğuldur. Pozuculuğun da bir sonu olmalıdır. Ruben Vardanyan yenidən çox həyasız bir müsahibə verib. "Artsax" uğrunda Azərbaycana qarşı "son nəfəslərinə kimi döyüşəcəklərini" deyib. Biz sülh təklif edirik, barış əli uzadırıq, erməniləri görüşə çağırırıq, separatçılar yeni müharibədən, "müstəqillikdən" dəm vururlar. Ona görə də vaxt itirmədən digər proseslərin davamını gətirməliyik. Dövlət başçısı İlham Əliyev laçınlılarla görüşündə ermənilərə mesajını çatdırıb. Əgər erməni dəstələri müəyyən olunmuş müddət ərzində silahları təhvil verməsələr, sərt addımlar atacağıq. Buna heç kimin şübhəsi olmasın".