Ermənistan xalqının səslərini ləğv etmək qeyri-mümkündür - ŞƏRH

  • Artıq böyük ölkələr belə Paşinyanı təbrik edib. Bir tək Rusiyadan səs çıxmır
  • “Revanşistlərin əlində yalnız xəstə ideologiya qalıb”

Ermənistanda keçirilən parlament seçkilərindən sonra parlamentə düşən müxalif deputatlar məkrli niyyətlərini işə salmağa başlayıblar. Seçilərin nəticələrinə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 61, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 28, sabiq prezident “Qarabağ klanı”nın üz qarası Robert Köçaryanın “Hayastan” bloku isə 12 mandatla parlamentdə təmsil olunacaq.

Müxalif deputatar faəliyyətə ürəkbulandırıcı hərəkətlərlə başlayıblar. Onlar parlament zalında “Qarabağ bayraqları”nı nümayiş etdiriblər. Hadisədən sonra Paşinyan “Qarabağ hərəkatı”nı davam etdirmək cəhdlərinin Azərbaycanda analoji reaksiyalara səbəb olacağını açıqlayıb. Nikolun parlamentdə dominant mövqeyini qoruması, Köçaryan-Karapetyan cəbhəsində qıcıq doğurub. Paşinyanı seçkilərin nəticələrini dəyişməkdə ittiham edən müxalif blok, seçkilərin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə ərizə veriblər. 

Mövzu ilə bağlı hərbi-siyasi eskpert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Ermənistan parlamentində təmsil olunan revanşist qüvvələrin bu addımı atması təəccüblü deyil:

“İrqçi xislətin davamçıları heç bir halda reallıqla barışa bilməyəcəklər. Hətta bu yolun Ermənistanı məhvə aparacağını bilsələr belə, qəlblərində yuva tapan kin-küdurət ucbatından özlərini fəlakətə sürükləməkdən geri durmayacaqlar. Revanşistlər hazırda Köçaryan və Sarkisyan zamanındakı kimi ölkədə qərarvermə gücünə malik deyillər. Onların parlamentdə bayraq qaldırıb təhdidlər yağdırması, öz daxili qorxularını gizlətməyə çalışan acizlərin ucuz siyasi şousundan başqa bir şey deyil”. 

Ekspertin sözlərinə görə, revanşistlər Ermənistan cəmiyyətində getdikcə azalan irqçi-faşist kütləyə yenidən xəyali “Böyük Ermənistan” mifini sırımağa çalışırlar:

“Bu gün onların nə arxalana biləcəkləri hərbi gücü, nə də dövlət idarəçiliyində söz keçirəcək rütbələri qalıb. Əllərində sadəcə özlərinin siyasi karyeralarını və ölkələrini məhvə sürükləyən xəstə ideoloji təfəkkür var. Onlar bu prosesi davam etdirmək üçün havadar axtarışında belə acizdirlər. Çünki hakimiyyətin əllərində olmaması, işğal, qəsbkarlıq və soyqırımı siyasətini davam etdirmələrinə imkan vermir. Azərbaycan da onların ucuz şoularını əsla ciddiyə almayacaq. Prezident İlham Əliyev də ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, onların aciz çırpınışlarına heç bir əhəmiyyət vermir”. 

H.Səhrablının fikrincə, Birinci Qarabağ Müharibəsi dönəmində çox fərqli geosiyasi mənzərə formalaşmışdı:

“Məlum dövlətlər revanşistlərin arxasında dayanırdı. Azərbaycan faktiki olaraq Ermənistan dövləti ilə deyil, onlarla mübarizə aparırdı. Rəsmi Bakı yaxşı bilir ki, qarşısında yalnız Ermənistan dövlətinin mövqeyi dayanmır. Münaqişənin dərin qatlarında Ermənistanı aşan siyasi hesablar gizlənir. Bundan sonra da bizim mübarizəmiz xəstə təfəkkürün yenidən oyanmasını əngəlləməyə və Cənubi Qafqazda sabitliyi pozacaq addımların qarşısını almağa yönələcək. Bir-iki qanun pozuntusuna görə, bütün Ermənistan xalqının səslərini ləğv etmək qeyri-mümkündür. Artıq böyük ölkələr belə Paşinyanı təbrik edib. Bir tək Rusiyadan səs çıxmır. Aydın məsələdir ki, bu susqunluq seçki saxtakarlığından daha çox, Paşinyanın siyasi kursuna bəslədikləri qısqanclıqdan qaynaqlanır.