"Azərbaycan zəif görünsə, Ermənistan dərhal fərqli mövqe tutacaq"
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh mesajları ilə cəmiyyətə və siyasi dairələrə çağırış etsə də, bəzi qüvvələr köhnə düşüncənin əsarətindən xilas ola bilmirlər. 44 günlük Vətən müharibəsinin “acı məğlubiyyət”ini həzm edə bilməyənlər, sülh prosesinə kölgə salmağa çalışırlar. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Azərbaycanı müharibə ilə hədələyib.
Onun sözlərinə görə ermənilər ağır məğlubiyyətə baxmayaraq, toparlanıb, mübarizəni davam etdirə bilərlər. S.Ohanyan onu da qeyd edib ki, səriştəsiz Ermənistan hökuməti ucbatından, düşmən sərhədlərə çatıb. Görünür, onlar hələ də Azərbaycanı “düşmən” obrazından çıxara bilməyiblər. Qeyd edək ki, revanşist mövqeyi ilə tanınan Seyran Ohanyan Qarabağ məsələsində sərt və barışmaz siyasi xəttin tərəfdarı kimi çıxış edir.
Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, S. Ohanyan bu bəyanatı verməklə parlament seçkiləri öncəsi Rusiyanın dəstəklədiyi revanşist qüvvələrin mövqeyini gücləndirməyə xidmət edir:
“İkinci Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətində, xüsusilə də revanşist qüvvələr arasında “məğlubiyyət sindromu” yaranıb. Onlar öz aləmlərində “Böyük Ermənistan” ideyasının reallaşmasının mümkünlüyü barədə xəyala qapılıblar. Bu ideyaya daxil olan ərazi iddiaları yalnız Azərbaycan torpaqları ilə məhdudlaşmır. Rusiyanın aqressiv siyasətinin ruporlarından biri olan erməniəsilli analitik Semyon Bağdasarov, vaxtilə Ermənistan ərazilərinin 350.000 kvadrat km olduğunu bildirib. Yalançı təfəkkürü əks etdirən düşüncələr, Ermənistan cəmiyyətində yalnız keçmiş hakimiyyət təmsilçiləri ilə yekunlaşmır”.
Politoloqun sözlərinə görə çürük iddialar əsrlər boyu Ermənistan xalqının şüuruna yeridilib:
“Onların bir çoxu ölkənin hərbi və iqtisadi imkanlarını bərpa etdikdən sonra yenidən müharibəyə başlamağı hədəfləyiblər. Erməni cəmiyyəti hər 50-60 ildən bir kütləvi psixoz vəziyyətinə salınaraq, Azərbaycana qarşı ərazi iddiaları məsələsini gündəmə gətirirlər. Onları dar düşüncənin əsarətindən xilas etmək qeyri-mümkündür. Erməni diasporu dünyanın aparıcı ölkələrinin bir çoxunda güclü təsir imkanlarına malikdir. Həmin ölkələr öz planlarını reallaşdırmaq naminə erməni etnosunu Cənubi Qafqaza köçürməmişdən 300 il əvvəl onlardan alət kimi istifadə ediblər. Həmin dövrdə qurulan planlardan bu gün də istifadə olunur”.
Analtilik qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində ermənilərlə yanaşı, böyük güclərin də geosiyasi maraqları dayanır:
“Bu məsələdə həm Qərbin, həm də Rusiyanın maraqları tam şəkildə üst-üstə düşür. Hazırda Avropa İttifaqı ilə Rusiya arasında Ermənistandan maşa kimi istifadə olunması istiqamətində rəqabət gedir. Təsəvvür edin ki, Aİ-nin Sülh Fondu çərçivəsində, Ermənistanın hərbi resurslarını gücləndirmək məqsədilə yardım paketi ayrılıb. Fransanın prezidenti Emmanuel Makron da gəlib İrəvanda “artistlik” elədi. Paris konkret olaraq Ermənistan ordusunun modernləşdirilməsi istiqamətində işlər görür. Onlar Avropanın yaratdığı imkanlardan bəhrələnərək, yenidən Azərbaycana qarşı müharibəyə başlamaq istəyirlər. Qərb dairələri ilə ermənilər həmişə birgə çalışıblar. Birinci Qarabağ müharibəsində ermənilər Qərbin və Rusiyanın həm maliyyə həm də siyasi dətəyi hesabına qələbə çaldılar”.
S.İsgəndərov vurğulayıb ki, Avropa ölkələri dəfələrlə Azərbaycanın ədalət çağırışlarını bloklayıblar:
“Ermənistanın hazırkı hökuməti, Azərbaycan və Türkiyə ilə münasibətlərinin tənzimlənməsi istiqamətində addımlar atır. Amma onlar Azərbaycanın mövqeyində bir balaca zəiflik hiss etsələr, tamamilə başqa cür hərəkət edəcəklər. Uzağa getməyək. BMT-nin Beynəlxalq cinayət məhkəməsinin sabiq prokuroru Luis Okamponun vasitəsilə, həyata keçirilən planların pərdəarxasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da böyük rol oynadığı üzə çıxıdı. Ermənistanda qəribə oyun qurublar. Paşinyan və Alen Simonyan sülh tərəfdarı kimi görünsə də, ölkənin xarici işlər naziri Azərbaycana qarşı siyasi oyunların iştirakçısına çevrilib. Ermənistan cəmiyyəti və ideoloqları tarixi miflərini geri qaytarmaq üçün həmişə fürsət güdəcəklər”.