Konstitusiya dəyişikliyi Paşinyana təkcə Azərbaycanla sülh sazişi üçün yox, həm də kilsəni siyasi prosseslərdən uzaqlaşdırmaq, öz mövqeyini möhkəmlətmək üçün lazımdır
Ermənistanda keçirilən parlament seçkiləri təkcə ölkədaxili siyasi qüvvələr balansı baxımından deyil, həm də Azərbaycan–Ermənistan sülh prosesinin gələcək taleyi nöqteyi-nəzərindən xüsusi əhəmiyyət daşıyırdı.
Seçkilərin nəticələri göstərdi ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə hökuməti formalaşdırmaq üçün kifayət qədər mandat əldə etsə də, konstitusiya dəyişiklikləri üçün zəruri olan üstünlüyü təmin edə bilməyib. Bu isə xüsusilə sülh sazişinin imzalanması və Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsində yeni siyasi çətinliklər yaradır.
Parlamentdə təmsil olunan müxalif qüvvələrin, xüsusilə rusiyameylli və daha sərt siyasi xətti müdafiə edən dairələrin sülh gündəliyinə açıq şəkildə qarşı çıxması Paşinyan hakimiyyətinin manevr imkanlarını müəyyən qədər məhdudlaşdıra bilər. Ermənistan Mərkəzi Seçki Komissiyasının iki məntəqədə seçki nəticələrini ləğv etməsinə münasibət bildirən rusiyalı oliqarx Samvel Karapetyana yaxın “Güclü Ermənistan” Partiyasının idarə heyətinin üzvü Narek Karapetyanın açıqlamaları da bunu bir daha nümayiş etdirib. O, seçki məntəqələrinin nəticələrinin ləğv edilməsinin Qagik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyasının parlamentdən kənarda qalmasına səbəb olduğunu iddia edərək, eyni zamanda Paşinyanın artıq “konstitusiyanı dəyişdirmək imkanı olmadığını” vurğulayıb.
O qeyd edib ki, Çiçəklənən Ermənistan Partiyasına qarşı bu qərar Paşinyanın parlamentdə 3/5 səs çoxluğu əldə edə bilmədiyi və deməli, “Əliyevin əmri ilə konstitusiyanı dəyişdirmək imkanı olmadığı” üzə çıxandan sonra atılıb. Mülki Müqavilə Partiyası hazırkı nəticələrə görə 105 yerlik parlamentdə 64 mandat əldə edib, 29 mandat Güclü Ermənistan, 12 mandat isə Robert Köçəryanın “Ermənistan” bloku əldə edib. Bu nəticə ilə Paşinyan hökuməti təkbaşına formalaşdırmaq imkanı qazansa da, konstitusiya dəyişikliklərini referenduma çıxarmaq üçün lazım olan səsi toplaya bilməyib. Bunun üçün müxalifətin də səsinə ehtiyacı var. Konstitusiyadan Azərbaycana qarşı ərazi iddiası çıxarılmadığı təqdirdə isə rəsmi Bakı sülh sazişini imzalamayacaq. Beləliklə, Ermənistanın parlamentə düşən rusyönlü müxalifəti artıq sülhə imkan verməyəcəyini elan edir.
Mövzunu şərh edən politoloq Yusif Bağırzadə Sherg.az-a bildirib ki, Ermənistanda keçirilən parlament seçkiləri təkcə ölkədaxili siyasi qüvvələr balansı baxımından deyil, həm də Azərbaycan–Ermənistan sülh prosesinin gələcək perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyırdı və bu səbəbdən proses tərəfimizdən diqqətlə izlənilirdi:
“Nəticələr artıq ortadadır və bu günə olan mənzərə ondan ibarətdir ki, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə hökumət formalaşdırmaq üçün yetərli səs toplaya bilib. Lakin konstitusion dəyişikliklər üçün yetərsayın olmaması və parlamentdə müxalif qüvvələrin, xüsusilə də daha sərt və rusyönlü xəttə malik siyasi dairələrin mövcudluğu bundan sonrakı mərhələdə sülh prosesinin mürəkkəbliyini artırır. Belə ki, sülh gündəliyi Azərbaycan–Ermənistan münasibətlərində təkcə ikitərəfli diplomatik məsələ deyil, həm də daxili siyasi balanslardan ciddi şəkildə asılı olan strateji bir prosesdir. Ermənistan daxilində müxtəlif siyasi qrupların bu məsələyə fərqli yanaşması, sülh sazişinə potensial maneə yaradan qarışıq bir mənzərə formalaşdırır. Rusiyaya daha yaxın mövqedə dayanan müxalif qüvvələrin parlamentdə güclənməsi, xüsusilə təhlükəsizlik və regional siyasət məsələlərində alternativ narrativlərin daha güclü şəkildə səsləndirilməsinə şərait yarada bilər. Bu qüvvələrin sülh sazişini Ermənistanın milli maraqları ilə ziddiyyət təşkil edən sənəd kimi təqdim etməyə çalışacağı və ictimai rəyi bu istiqamətdə formalaşdırmağa cəhd göstərəcəyi şübhəsizdir. Bu isə Paşinyan hökumətinin manevr imkanlarını məhdudlaşdıra biləcək daxili siyasi təzyiq mexanizmi yaradır”.
Bununla belə, politoloq qeyd edib ki, hazırki mərhələdə Konstitusiya dəyişikliyi üçün yetərli sayın olmaması avtomatik olaraq sülh prosesinin iflası demək deyil:
“Əvvəla ona görə ki, Ermənistan siyasi sistemi daxilində qərarların qəbulunda icra hakimiyyəti hələ də əsas rol oynayır və Paşinyanın parlament müxalifətinə kifayət qədər təzyiq imkanları var. Samvel Karapetyanla bağlı olan cinayət işi, Narek Karapetyanın və Sarukyanın ölkədən çıxışına qoyulan qadağalar, bir sıra digər şəxlər haqqında cinayət işlərinin açılacağına dair verilən bəyanatlar onu göstərir ki, Paşinyan istədiyini əldə etmək üçün bütün vasitələrdən istifadə edəcək. Digər bir tərəfdən konstitusiya dəyişikliyi Paşinyana təkcə Azərbaycanla sülh sazişi üçün yox, həm də kilsəni siyasi prosseslərdən uzaqlaşdırmaq, öz mövqeyini möhkəmlətmək üçün lazımdır. Buraya Qərb qarşısında götürülmüş öhdəlikləri də gəldikdə deyə bilərik ki, Paşinyan müvafiq Konstitusiya dəyişiklikləri üçün bütün imkanlarını səfərbər edəcək.
Odur ki, Ermənistan parlamentində rusyönlü müxalifətin mövcudluğu və hakimiyyətin konstitusiyon üstünlüyünün olmaması sülh sazişi üçün gecikdirici faktor rolu oynasa da prossesi tam tormozlamaq imkanında deyil və zənnimcə Paşinyan da sülhün ilk növbədə Ermənistan üçün vacibliyini dərk edərək təzyiq yolu ilə olsa belə götürülən öhdəliklərin icrası üçün müvafiq imkanları təmin edəcək”.