Ermənistanın ekoloji cinayətlərinə göz yumulur - ŞƏRH

"Azərbaycan ictimaiyyətinin, ekoloqların və hökumətin təqdim etdiyi, Oxçuçayın böyük həcmdə çirkləndiirlməsi ilə əlaqədar obyektivliyi şübhə doğurmayan sübutlara baxmayaraq Ermənistana münasibətdə sərt tədbirlər görülmür".
Bunu "Sherg.az"a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi Zaur İbrahimli deyib. 
QHT rəhbəri bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə müraciət etməklə Ermənistanın dağ-mədən şirkətlərinin bütün Cənubi Qafqaz region və ümumilikdə, qlobal ekosistemə vurduğu böyük ziyana diqqət çəkməyə çalışır: 
"Uzun illər ərzində bu cür qeyri-şəffaf, standartlardan uzaq, riskləri nəzərə almayan fəaliyyət artıq fəlakət həddində ziyan vurmaq səviyyəsinə çatıb. Əfsuslar ki, Ermənistanın region ölkələrinin əhalisinin sağlamlığını təhdid edən bu məsuliyyətsiz davranışına göz yumulur. Bununla BMT və ixtisaslaşmış təşkilatları, Avropa Birliyi və Avropa Parlamenti, Avropa Şurası, ətarf mühit məsələləri ilə məşğul olan beynəlxalq təşkilatlar məsuliyyət daşıyırlar. Onlar öz səlahiyyətləri, beynəlxalq konvensiyalar çərçivəsində Ermənistanı cavabdeh saxlamalıdırlar, rəsmi İrəvandan hesabat tələb etməlidirlər. Bütün regionun ekoloji təhlükəsizliyi bir neçə şirkətin və Ermənistanın siyasi rəhbərliyinin kommersiya maraqlarına qurban verilə bilməz. Azərbaycan vətəndaş cəmiyyəti beynəlxalq təşkilatları məsuliyyətə davam edir". 
Z.İbrahimli vurğulayıb ki, Azərbaycan vətəndaş cəmiyyətinin, ekoloqların davamlı və israrlı çağırışları artıq bu problemləri aktuallaşdırıb: 
"Region ölkələri bu məsələlərə xüsusi diqqət ayrımağa başlayıblar. İndi növbə BMT, BMT və ixtisaslaşmış təşkilatları, Avropa Birliyi və Avropa Parlamenti, Avropa Şurası, ətarf mühit məsələləri ilə məşğul olan beynəlxalq təşkilatlarındır. Onlar konkret addımlar atmalı və Ermənistanın cinayətlərinə göz yumamalıdırlar. Düşünərəm ki, Azərbaycan vətəndaş cəmiyyəti bu məsələdə israrlı mövqedədir və bu istiqamətdə təşəbbüslərini davam etdirəcək".
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer Kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətlə əlaqədar beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayıblar. QHT-lər beynəlxalq norma və prinsiplərin pozulmasını nəzərə alaraq, BMT və digər beynəlxalq, regional təşkilatları Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağı təmin etməyə, yuxarıda sadalanan ekoloji fəlakətlərə adekvat reaksiya verməyə çağırıblar.