Ermənistanın əsas vəzifəsi Azərbaycanın tələbini yerinə yetirməkdir - ŞƏRH

  • "Bakı ilə razılaşma olmazsa, Ermənistan "dalan dövlət" olaraq qalacaq" 

Ermənistan və Azərbaycan arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişi paraflansa da, yekun sənədin imzalanması üçün Bakının tələb etdiyi konstitusiya dəyişikliyi hələ də reallaşmayıb. Əsas maneə Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinadın qalmasıdır.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Haber Global”a açıqlamasında vurğulayıb ki, Ermənistan Konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı yer alan ərazi iddiaları çıxarılmalıdır. Onun sözlərinə görə, ərazi iddiaları aradan qaldırıldıqdan sonra yekun sülh sazişinin imzalanması üçün problem qalmayacaq. Qeyd edək ki, Paşinyan hökuməti konstitusiya dəyişikliyini ləngitməsinə səbəb kimi iyunun 7-də keçirilən parlament seçkilərini göstərirdi. İndi isə Paşinyanın rəhbərliyi ilə yeni hökumət formalaşıb. Artıq bütün diqqətlər yeni hökümətin Azərbaycanın əsas tələbini icra edib-etməyəcəyinə yönəlib.

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Ermənistanda seçkidən sonra əsas gündəmə gələn məsələ ölkənin mövcud kontitusiyasının dəyişdirilməsi üzərində dayanıb:

“İstisna deyil ki, rəsmi Bakı və İrəvan arasındakı danışıqlarda bu məsələlər əsas prioritet kimi müzakirə olunur. O cümlədən, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də bu məsələlər bir növ həlledici məqamdır. Çünki Azərbaycanla yekun sülh sazişi imzalandıqdan sonra Türkiyə ilə sərhədlər açıla, münasibətlər normallaşa bilər. Yəni Azərbaycan və Türkiyə məsələyə eyni formada yanaşırlar. Ermənistanda yeni formalaşan hökümətin hazırda əsas vəzifəsi Azərbaycanın tələbini yerinə yetirməkdir. Lakin bunu hüquqi müstəvidə reallaşdırmaq baxımından problemlər var. konstitusiyanın dəyişdirilməsi, yəni referendumun təşkili üçün əvvəlcə Ermənistan Parlamenti müvafiq qərar qəbul etməlidir".

Politoloqun sözlərinə görə, Paşinyanın komandası seçkidə qalib gəlib hökuməti formalaşdıra bilsə də, lazımi konstitusiya çoxluğunu qazana bilməyib:

“Nəticə etibarilə, Paşinyan referendum qərarını parlamentdən keçirmək üçün ya müxalifət fraksiyalarını parçalayaraq onların dəstəyini təmin etməli, ya da onlarla müəyyən razılığa gəlməlidir. Lakin parlamentdəki müxalifət deputatların sərt mövqeyini nəzərə aldıqda, bu senarinin gerçəkləşmə ehtimalı kifayət qədər zəif görünür. Bu faktor hazırda İrəvan rəhbərliyinin qarşısında ciddi siyasi və hüquqi maneəyə çevrilib. İndi əsas sual Ermənistan hakimiyyətinin bu maneəni necə aşacağı üzərində cəmləşib. İrəvan rəhbərliyinin 200 minə yaxın imza toplayaraq xalq təşəbbüsü mexanizmi ilə parlamentə təzyiq göstərmək versiyası da müzakirə edilir. Bu üsul parlamenti referendum qərarı verməyə sövq etmək üçün siyasi rıçaq kimi nəzərdə tutulsa da, hüquqi prosedura əsasən, referendum qərarı mütləq parlamentin təsdiqindən keçməlidir”. 

A.Nərimanlı qeyd edib ki, Bakı ilə anlaşmanın əldə olunmaması İrəvan üçün təkcə təhlükəsizlik riskləri yaratmır, həm də Türkiyə ilə sərhədlərin açılmasını və Avropaya inteqrasiya imkanlarını bloklayır:

“Nəticədə, Ermənistanın regional “dalan dövlət” statusu dəyişməz olaraq qalacaq. Bu baxımdan Paşinyan iqtidarı Ermənistanın dövlətçilik gələcəyi üçün taleyüklü sınaq qarşısındadır. Hökumətin bu maneələri hansı mexanizmlərlə aşacağı isə yaxın zamanlarda proseslərin gedişində bəlli olacaq".