ABŞ Almaniyadan 5 min hərbçinin çıxarılacağını İranla bağlı mübahisə fonunda elan edib.
Sherg.az xəbər verir ki, "Euronews"un məlumatına görə, ABŞ prezidenti bu rəqəmi nümayişkaranə addım kimi təsadüfi səsləndirib.
"Euronews" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Pentaqonun Almaniyadan çıxaracağı hərbçilərin sayını “sadəcə uydurub”. Məlumat amerikalı rəsmilər arasındakı mənbəyə istinadən yayılıb.
“5 min nəfər rəqəmi təxmini göstəricidir və Tramp bunu Almaniya kansleri Friedrik Merz ilə İran müharibəsi ətrafında qarşıdurması fonunda nümayişkaranə addım atmaq istədiyi üçün təsadüfi şəkildə səsləndirib”,-deyə mənbələrdən biri bildirib.
ABŞ-nin Almaniyadan təxminən 5 min hərbçini çıxaracağı barədə məlumat mayın 2-də açıqlanıb və qərar Pentaqon tərəfindən təsdiqlənib. Pentaqonun yüksək vəzifəli rəsmiləri "CBS News"a açıqlamalarında bu addımı Donald Trampın Avropa müttəfiqlərinin İranla müharibədə ABŞ-yə göstərdiyi dəstək səviyyəsindən narazılığının siqnalı kimi qiymətləndiriblər.
Daha sonra Tramp bildirib ki, Almaniyadakı ABŞ hərbi kontingentinin sayı 5 mindən “daha çox” azaldıla bilər.
Berlin bu qərara təəccüblənməyib. Almaniyanın müdafiə naziri Boris Pistorius qeyd edib ki, avropalılar öz təhlükəsizliklərini təmin etmək üçün daha çox özlərinə arxalanmalıdırlar: “Almaniya düzgün yoldadır”.
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının məlumatına görə, hazırda Avropada təxminən 80 min amerikalı hərbçi yerləşir. Onlardan təxminən 38 mini Almaniyada daimi və rotasiya əsasında xidmət edir. Hərbi kontingentin sayı və strukturu isə daim dəyişir.