Fazil Mustafa Erkin Qədirli ilə bir məsələdə razılaşmır

“İkipalatalı Parlamentin yaradılmasının tərəfdarı deyiləm”

“Lakin proporsional seçki sisteminə tam şəkildə keçilməsini vacib sayıram”


  Millət vəkili Erkin Qədirli sosial şəbəkədə 2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilə biləcəyini yazıb. O qeyd edib ki, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib. Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50 faiz artırılması var. Deputatın sözlərinə görə, bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. E.Qədirli seçki sistemində önəmli dəyişikliyin olacağını, proporsional seçkinin bərpasının gözlənildiyini də bildirib: "1995-2002-ci illərdə proporsional seçki olub bizdə. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti var". Parlament üzvünün toxunduğu maraqlı məqamlardan biri də Milli Məclisin iki palatadan ibarət olması ilə bağlı olub: "Parlamentin ikiotaqlı ola biləcəyi istisna olunmur. Əslində, güclü Prezident hakimiyyəti olan bir ölkədə birotaqlı parlament yetərli deyil, onun zəif olacağı öncədən bilinir. Bunun isə siyasi riskləri var. İkiotaqlı parlamentlərdə yuxarı otaq xalqın seçdiyi güclü aşağı otaqla xalqın seçdiyi Prezident arasında bir bufer (arakəsmə) rolunu oynayır".  

  Millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda parlament seçkilərinin vaxtına hələ xeyli müddət var. Deputatın sözlərinə görə, həmin vaxtadək müəyyən təkliflər gündəmə gələ bilər: "Təkliflər hansısa struktur dəyişikliyi ilə bağlı da ola bilər. Amma bununla bağlı referendum keçirilməsi barədə bilgiyə sahib deyiləm. Digər məqama gəldikdə isə prinsip olaraq ikipalatalı Parlamentin yaradılmasının tərəfdarı deyiləm. Lakin proporsional seçki sisteminə tam şəkildə keçilməsini vacib sayıram. Bu, partiyaları inkişaf etdirə bilər. Proporsional seçki sisteminin tətbiqindən sonra partiyaların dövlət həyatında iştirakı üçün daha geniş imkanlar açılacaq. Partiyalar öz layihələri ilə seçki prosesinə qatılacaqlar. Koalisiya qurulması istiqamətində bir ənənənin başlanğıcı qoyula bilər. Ümumən, təkliflərin səslənməsi yaxşıdır ki, müzakirə üçün imkan yaradır. Hər halda biz bütövlükdə çalışmalıyıq ki, demokratik idarəetmə üsulunu bütün sahələrdə mənimsəyə bilək. Burada demokratiya və müasir mədəniyyətin əlamətlərinin daha çox tətbiqini görə bilərik. Hələ ki bu barədə söz söyləmək çətindir. Amma fikirlərin səslənməsini müsbət hesab edirəm. Bu fikirlər müzakirə olunmalıdır".