Fərid Şəfiyev: Azərbaycan mürəkkəb geosiyasi şəraitdə alternativ əməkdaşlıq imkanları axtarır

Azərbaycanın xarici siyasətində son 6-10 ildə Şərqə yönəlmə xətti müşahidə olunur.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Koreya və Avrasiya bağlantılarının gələcəyi” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycanın şimalında və cənubunda müharibələr gedir və bu münaqişələr hələ də həllini tapmayıb: “Belə şəraitdə Azərbaycan və Orta Dəhliz marşrutu üzərində yerləşən ölkələr sabit bağlantı imkanları təklif edir”.

F. Şəfiyev qeyd edib ki, Azərbaycan beynəlxalq platformalarda və təşkilatlarda iştirakını genişləndirir: “Azərbaycan bu yaxınlarda CICA sammitinə ev sahibliyi edib, həmçinin digər beynəlxalq platformalarda fəal iştirak edir. Azərbaycan ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı ilə də sıx əməkdaşlıqda maraqlıdır. Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin və ticarətin artması bu marşruta tələbatın yüksəldiyini göstərir”.

O, həmçinin Azərbaycanla Koreya arasında ticarət, investisiya və turizm sahələrində əməkdaşlığın inkişafı üçün imkanların olduğunu diqqətə çatdırıb.