Fon der Lyayenin səfəri yeni mərhələnin anonsudur: Avropanın yolu Azərbaycandan keçir - TƏHLİL

  • Jalə Əliyeva: “Avropa İttifaqı Azərbaycana yeni geosiyasi tərəfdaş kimi yanaşır”

Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin Azərbaycana səfəri Avropa İttifaqı–Azərbaycan münasibətlərində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilir. Bu səfər Brüsselin Azərbaycana artıq təkcə etibarlı enerji təchizatçısı deyil, həm də regional sabitlik, nəqliyyat bağlantıları və geosiyasi əməkdaşlıq baxımından strateji tərəfdaş kimi yanaşdığını nümayiş etdirir.

Son aylarda Aİ-nin yüksək səviyyəli rəsmilərinin ardıcıl şəkildə Bakıya səfər etməsi Azərbaycanın Cənubi Qafqazda artan siyasi və iqtisadi rolunun təsdiqidir. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi fonunda Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas logistika qovşaqlarından birinə çevrilib və bu, Aİ-ni Asiya ilə birgə həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək imkanına malikdir. Bu baxımdan, Aİ-nin Azərbaycanla daha geniş iqtisadi əməkdaşlıq və yeni tərəfdaşlıq mexanizmləri qurmaq niyyəti münasibətlərin strateji xarakter aldığını göstərir.

Xatırladaq ki, iyulun 1-də Azərbaycana işgüzar səfərə gələn Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin səfəri bu gün başa çatıb.

AK Prezidentini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola salıblar.

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələni dəyərləndirən Milli Məclisin deputatı Jalə Əliyeva Sherg.az-a bildirib ki, bu səfər Avropa İttifaqının regiona yanaşmasında yeni geosiyasi prioritetlərin formalaşdığını və Azərbaycanın bu strategiyada mühüm tərəfdaş kimi önə çıxdığını göstərir:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında keçirilən görüş Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm siyasi hadisədir. Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji, rəqəmsal transformasiya və regional sabitlik kimi məsələlərin ön plana çıxdığı bir dövrdə bu görüşün xüsusi əhəmiyyəti var.

Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına qaz tədarükünün artırılması, eləcə də bərpa olunan enerji sahəsində həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin strateji əhəmiyyətini daha da gücləndirir. Bu baxımdan görüşdə enerji əməkdaşlığının genişləndirilməsi və yaşıl enerji layihələrinin inkişafı ilə bağlı aparılan müzakirələr qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın gələcək perspektivlərini müəyyənləşdirir".

J. Əliyevanın sözlərinə görə, görüşün digər mühüm istiqamətlərindən biri də Orta Dəhlizin inkişafı olub. O bildirib ki, Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat-logistika qovşağına çevrilir və Bakı limanı, müasir dəmir yolu infrastrukturu, eləcə də beynəlxalq nəqliyyat layihələri Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır:

"Avropa İttifaqının bu marşruta artan marağı Azərbaycanın geostrateji mövqeyinin daha da möhkəmləndiyini göstərir. Regional təhlükəsizlik və sülh gündəliyi də görüşün əsas mövzularından biri idi. Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində atdığı addımlar, Ermənistanla münasibətlərin normallaşdırılması səyləri və regionda yeni əməkdaşlıq mühitinin formalaşdırılması Avropa İttifaqı tərəfindən diqqətlə izlənilir. Sülh müqaviləsinin imzalanması istiqamətində əldə olunan irəliləyiş regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Bu görüş həm də onu göstərdi ki, Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil. Ölkəmiz nəqliyyat, logistika, rəqəmsal inkişaf, yaşıl enerji və beynəlxalq əməkdaşlıq sahələrində mühüm tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu davamlı şəkildə artırır, ölkəmizin Avropa və Asiya arasında etibarlı körpü rolunu daha da gücləndirir".

Düputatın fikrincə, Ursula fon der Lyayenin Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqləyib:

"Qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlar əsasında inkişaf edən bu münasibətlər gələcəkdə həm Azərbaycanın, həm də Avropanın iqtisadi və siyasi maraqlarına mühüm töhfələr verəcək. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin, rifahın və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir".