"Paşinyan uduzsa, Makronla imzalanan sənəd kağız parçasına çevriləcək”
Ermənistan və Fransa arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair sənəd imzalanıb.
Sənədi İrəvanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıblar.
İmzalanma mərasimi Ermənistan Prezidentinin iqamətgahında baş tutub. Mərasim zamanı Ermənistan və Fransa arasında strateji tərəfdaşlığın təsis edildiyi rəsmi şəkildə elan olunub.
Sözügedən sənədin Ermənistan üçün əhəmiyyətini şərh edən politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, Paşinyanla Makronun imzaladığı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair sənəd hələlik Ermənistan üçün heç nə vəd etmir. Onun sözlərinə görə, hər şey iyunun 7-də keçiriləcək parlament seçkilərinin nəticələrindən bəlli olacaq: 
“Əgər seçkilərdə Nikol Paşinyan qalib gəlib öz hökumətini formalaşdıra bilsə, Fransanın Ermənistana müxtəlif sahələrdə dəstəyi davam edəcək. İndiyə qədər olduğu kimi Fransa BMT təhlükəsizlik Şurasından və digər beynəlxalq qurumlardan Ermənistana dəstək verəcək, Ermənistan Fransadan silah almaqda davam edəcək. Müxtəlif sahələrdə əməkdaşlıqları daha da dərinləşəcək. Fransa Ermənistanın Avropa Birliyinə mümkün qədər tez üzv olması üçün əlindən gələni edəcək. Lakin seçkilərdə rusiyayönümlü qüvvələr qalib gəlsə, Fransa ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair sənəd heç bir əhəmiyyət kəsb etməyəcək, üstəlik əməkdaşlığın səviyyəsi xeyli aşağı düşəcək. Ermənistan dövlətinin xarici siyasət prioritetləri dəyişəcək. Əvvəllər olduğu kimi Ermənistan yenə də Rusiyanın forpostuna çevriləcək və müstəqilliyini itirəcək. Ondan sonra Fransanın Ermənistanla əməkdaşlığının səviyyəsi də indiki dövrlə müqayisədə xeyli aşağı düşəcək”.
İmzalanan sənədin tam mətninin hələlik ictimaiyyətə açıqlanmadığını vurğulayan A. Səmədov qeyd edib ki, son dövrlərdə müxtəlif ölkələr arasında imzalanan oxşar strateji tərəfdaşlıq sənədlərinin məzmununa nəzər saldıqda, onların əsasən ümumi çərçivə xarakteri daşıdığı müşahidə olunur:
“Belə sənədlərdə adətən tərəflər arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, enerji və nəqliyyat sahələrində inteqrasiyanın dərinləşdirilməsi kimi ümumi prinsiplər öz əksini tapır.
Bu baxımdan, Ermənistanla Fransa arasında imzalanan sənəddə də böyük ehtimalla tərəflərin qarşılıqlı əməkdaşlığı genişləndirmək, siyasi yaxınlaşmanı artırmaq və müxtəlif sahələrdə institusional əlaqələri dərinləşdirmək niyyəti ifadə olunub. Lakin icrası seçkilərin nəticəsindən asılı olacaq”.