Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq

  • Qabil Hüseynli: "Xüsusən Makronun dövründə bu Azərbaycana qarşı kin-küdurət daha da artdı"

Fransa yenidən Azərbaycana qarşı qərəzli və birtərəfli siyasətini hərəkətə keçirib. Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Azərbaycanın ünvanına səsləndirdiyi iddialar rəsmi Bakının sərt reaksiyasına səbəb olub. Azərbaycan tərəfi bu iddiaları əsassız hesab edərək, Fransanı ölkəmizə qarşı ittihamlara son qoymağa çağırıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin sözlərinə görə, Fransanın Azərbaycana qarşı ittihamları Parisin ikitərəfli münasibətlərdə qarşıdurma ritorikasından hələ də əl çəkə bilmədiyini göstərir. O, Azərbaycanın Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə yaşayan xalqların mübarizəsinə müdaxilədə ittiham olunmasını tamamilə əsassız adlandırıb. A.Hacızadə, həmçinin Fransanı beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırıb.

Belə bir şəraitdə Fransa ilə Azərbaycan arasında qarşılıqlı ittihamların ikitərəfli münasibətlərə necə təsir göstərəcəyi, siyasi dialoqun perspektivləri və gərginliyin aradan qaldırılması imkanları diqqət mərkəzindədir.

Mövzü ilə bağlı politoloq Qabil Hüseynli Sherg.az-a bildirib ki, Fransa Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməlidir.

"Fransa elə əvvəldən, erməni işğalı başlayandan bəri Ermənistanın arxasında dayanıb. Bütün beynəlxalq məclislərdə, beynəlxalq siyasi bəyanat qəbul edən idarələrdə həmişə Ermənistanın müdafiəçisi olublar. İndi bu saat da Ermənistana silah göndərir, onların arxasında dayanıb, yeri gələndə bütün imkanlarından istifadə edir. Fransa Azərbaycanı sevən ölkə deyil. Xüsusən Makronun dövründə bu Azərbaycana qarşı kin-küdurət daha da artdı. Ermənistana olan məhəbbət isə genişləndi, çoxaldı. Fransanın beynəlxalq hüquq normalarını tapdalayan ikiüzlü siyasətini qətiyyətlə pisləyir, onlardan bu əməldən əl çəkməyi tələb edirik".

Politoloqun sözlərinə əsasən, rəsmi Bakı Fransanın Yeni Kaledoniyadakı siyasətini də qətiyyətlə pisləyir.

"Yeni Kaledoniya Fransanın müstəmləkəsidir. Fransa bu ölkədə istədiyi əzab-əziyyəti, başına buyruq hərəkətlər edir. Kaledoniya xalqı müstəqilliyə can atır, amma Fransa buna imkan vermir. Yeri gələndə ən ağır formada Kaledoniya xalqının müstəqillik arzularını boğur. Buna görə də mənə elə gəlir ki, Kaledoniya Azərbaycan kimi müstəqilliyini qazanmalıdır və ölkəmiz də bu səbəbdən Fransanın Kaledoniyaya qarşı azğın hərəkətlərini qətiyyətlə pisləyir".

Mətanət Həsənova