- “Ankara strateji müttəfiqliyin dərinləşdirilməsi üçün uyğun tarix seçib”
“Türkiyə Türk Dövlətləri Təşkilatını gücləndirəcək təkliflər hazırlayıb”.
Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Ərdoğan bu paylaşımı edərkən, xarici işlər naziri Hakan Fidan Bakıda müzakirələr aparıb. Eyni gündə Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin təşkilatçılığı ilə “Türk Dünyası Dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı tədbir keçirilib. Bunlar təsadüf deyil, Ankara strateji müttəfiqliyin dərinləşdirilməsini müzakirə etmək üçün uyğun tarix seçib. Bu gün Bakıda Türkiyə günüdür”, - ekspert bildirib.
Elxan Şahinoğlu xatırladıb ki, Türk Dövlətləri Təşkilatının zirvə toplantısı oktyabrın 30-da Ankarada keçiriləcək:
“Türkiyənin təşkilatı gücləndirəcək təkliflər hazırladığını ehtimal etmək olar. Yeni təkliflərin müəllifi Hakan Fidanın Azərbaycana səfərini və eyni gündə Bakıda keçirilən “Türk Dünyası Dialoqları” məhz bu amillə izah etmək olar”.
Türkiyə Prezidenti paytaxt Bakının işğaldan azad edilməsinin 108-ci ildönüma münasibətilə sosial mediada yazıb:
“Dost və qardaş Azərbaycanımızın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümü münasibətilə təbriklərimi çatdırıram. Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil Paşanı və qəhrəman əsgərlərini rəhmətlə yad edirəm”.