ABŞ-ın “Wall Street Journal” nəşri Rusiyanın İranla kəşfiyyat paylaşımını və hərbi əməkdaşlığını genişləndirdiyini iddia edib.
Sherg.az xəbər verir ki, Məlumata görə, Moskva Tehrana peyk görüntüləri, hədəf koordinatları və hücum taktikaları təqdim edir.
Nəşr yazır ki, Rusiya İranın ABŞ və İsrailə qarşı müharibəni davam etdirməsində maraqlıdır. Müharibənin uzanması Moskva üçün həm hərbi, həm də iqtisadi baxımdan faydalı hesab olunur. Bununla belə, Ukrayna müharibəsi səbəbindən Rusiyanın imkanlarının məhdud olduğu bildirilir.
Məlumata əsasən, Rusiya İranın “Şahid” kamikadze dronlarının daha təkmil versiyalarının hazırlanmasına da töhfə verib. Moskva bu texnologiyanın bir hissəsini Tehranla bölüşərək, hücumlarda neçə dron istifadə olunmalı olduğu və hansı taktikanın seçilməli olduğu barədə məlumat verir.
Həmçinin iddia olunur ki, Rusiya ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektləri barədə məlumatları İranla paylaşır və birbaşa peyk dəstəyi göstərir.
Analitiklərin fikrincə, İranın son hücumları Rusiyanın Ukraynadakı taktikasına bənzəyir: əvvəlcə hava hücumundan müdafiə sistemləri dronlarla yüklənir, sonra əsas zərbə endirilir.
Qeyd olunur ki, iki ölkə arasında rəsmi hərbi ittifaq olmasa da, əməkdaşlıq son illərdə, xüsusilə Ukrayna müharibəsindən sonra xeyli dərinləşib.