"Müxalif blokun planı Rusiyada yaşayan erməniləri İrəvana gətirərək, səsverməni özlərinin xeyrinə təmin etmək üzərində qurulub"
Ermənistanda siyasi gündəm Rusiyanın seçki prosesinə təsir göstərmək cəhdləri ucbatından qarışıq vəziyyət alıb. İyunun 7-də keçiriləcək parlament seçkilərində, Baş nazir Nikol Paşinyanın qarşısında sabiq preizdent Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və biznesmen Qaqik Sarukyan dayanır.
Rusiyada ikili vətəndaşlığa sahib olan ermənilərin İrəvana gətirilərək revanşistlərin lehinə səsvermə aparma ehtimalı, Paşinyan hökumətini qorxuya salıb. Dəfələrlə İrəvan rəsmiləri bu plana alət olanlara qarşı cinayət işi açılacağını bildiriblər. Rusiya prezidenti Vladimir Putinlə Paşinyanın sonuncu görüşü Moskvanın əsl niyyətini üzə çıxardı. Putin açıq şəkildə Rusiya vətəndaşı olanların seçkilərdə iştirakının təmin olunmasını tələb etdi. Paşinyan isə cavabında, seçkilərdə yalnız Ermənistan vətəndaşlarının iştirak edə biləcəyini vurğuladı. Lakin özündə risk amili daşıyan əsas məqamlardan biri də Ermənistanın Gümrü Lori, Vanadzor kimi bir sıra bölgələrində ikili vətəndaşlığa sahib ruspərəst sakinlərin yaşamasıdır. Görünən odur ki, Avropa İttifaqının xarici müdaxilələrə qarşı Ermənistana dəstək məqsədilə xüsusi missiya göndərməsi, ölkənin daxili təhlükəsizlik mühitinin mürəkkəbliyini tam əhatə etmir.
Mövzu ilə bağlı Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, Ermənistanın bəzi bölgələrində hökümətin özünün belə sayını bilmədiyi ikili vətəndaşlığa sahib olan ermənilər var: 
“Şübhəsiz ki, onlar Paşinyan hökuməti üçün risk amili daşıyır. Ermənistan hökumətinin verdiyi yeni qərara əsasən, Rusiya vətəndaşları və ya xarici ölkələrdə yaşayan ermənilər seçkilərdə iştirak edə bilməyəcək. Məlumdur ki onlar, S.Karapetyan, R.Koçaryan və Q.Sarukyan fiqurlarına səs verəcəkdilər. Bu qərarın təməl prinsipi həmin prosesi bloklamaqdan ibarətdir. Amma bu qərarın ikilivətəndaşlığı olan şəxslərə aiddiyatı yoxdur. Yəni seçkilərdə iştirak etmək üçün Ermənistan pasportuna sahib olmaq kifayətdir. Baş nazir postu uğrunda mübarizə aparan revanşist qüvvələrin böyük sərvəti onlara bağlı qapıların açılmasına imkan yaradır”.
Professorun sözlərinə görə, müxalif blokun planı Rusiyada yaşayan erməniləri İrəvana gətirərək, səsverməni özlərinin xeyrinə təmin etmək üzərində qurulub:
“Müəyyən mənada bunun qarşısını almaq mümkün olacaq. Çünki Ermənistan sərhəd bölgələrində nəzarət tədbirlərini gücləndirib. Xüsusilə Gürcüstan istiqamətindən ölkəyə daxil olan şəxslər daha ciddi yoxlamalara cəlb olunur. Paşinyanın belə bir düşüncəsi var ki, xaricdə yaşayan ermənilər Ermənistana gəldikdə, fikirlərini dəyişəcəklər. Onun bu bəyanatı reallığı əks etdirmir. Paşinyan sadəcə seçki qabağı bu cür təbliğatyönümlü fikirlərlə insanları ələ almaq istəyir. Ermənistanda və xaricdə yaşayan ermənilər arasında aparılan sorğular göstərir ki, Paşinyan öndədir”.
Q. Çaxmaqlı qeyd edib ki, hazırda Ermənistanda parlament seçkilərində tək partiyalar üçün baraj (seçki həddi) 4%-dir:
“2 və ya 3 partiya bloku üçün isə 8%-dir. Yəni bir partiya parlamentə düşmək üçün ən azı səslərin 4%-ni toplamalıdır. Nəzərə almaq lazımdır ki, seçkilərdə Baş nazir postuna namizəd olanlar arasında iqtidarın siyasətini dəstəkləyən partiyalar da var. Onlar asanlıqla səs toplayıb barajı keçə bilərlər. Paşinyan bu qüvvələrlə koalisiya qura bilər. Digər müxalif qüvvələrin koalisiya qura biləcək qədər saya sahib olması sual altındadır. Çünki Koçaryan, Karapetyan və Sarukyanın elə də elektoratı yoxdur. Onların üçü də koalisiya təşkil etmək gücündə deyillər”.
Alimin fikrincə, Paşinyan, onun hakimiyyətinə qənim kəsilən qüvvələri zərərsizləşdirmək üçün ölüm-dirim savaşına girib:
“Bu prosesdə arxasına Avropa İttifaqı kimi güclü təşkilatı alıb. Avropa Siyasi Birliyi sammitinin İrəvanda keçirilməsi revanşist qüvvələrə güc nümayişi xarakteri daşıyırdı. Azərbaycanla sülh şəraiti də Paşinyanın şansını gücləndirir. Paşinyan Ermənistan cəmiyyətinə xəbərdarlıq etdi ki, Baş nazir postuna revanşist qüvvələrdən hər hansı biri otursa, müharibə qaçılmaz olacaq. Ermənistan xalqı da müharibənin acı fəsadlarını daddığı üçün Paşinyanın seçilməsinə çalışacaqlar. Artıq Türkiyə ticarət məqsədilə Ermənistanla sərhədlərini açıb. Paşinyana qarşı nə qədər qaralama kampaniyası aparılsa da, bunların xalqın nəzdində heç bir əhəmiyyəti olmayacaq”.