“İran-ABŞ gərginliyinə emosional reaksiya yolverilməzdir” - Politoloq

Sədrəddin Soltan: “Müharibə baş versə, Azərbaycan və Türkiyə humanitar məsuliyyət daşıyacaq”

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Maliki deyib ki, ABŞ və İran arasındakı mümkün müharibə uzunmüddətli olacaq:

“Müharibə baş versə, qətiyyən məhdud olmayacaq, uzunmüddətli, tükəndirici müharibə olacaq. Əhatə dairəsi regionun bir çox ölkələrini bürüyəcək” - deputat bildirib.

Bu açıqlamanın fonunda “Reuters” agentliyi Türkiyənin diplomatik mənbələrinə istinadla məlumat yayıb ki, Türkiyə İranla ABŞ arasında müharibə baş verəcəyi təqdirdə atılacaq addımların bütün aspektlərini nəzərdən keçirir:

“Əlbəttə, hadisələr mənfi istiqamətdə inkişaf edəcəyi təqdirdə görülə biləcək bütün tədbirlərin aspektləri qiymətləndirilir. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün atıla biləcək addımlar nəzərdən keçirilir, amma İranın suverenliyini pozacaq hansısa addım qətiyyən gündəmdə deyil” - türk diplomat agentliyə bildirib.

Politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, istənilən dövlət qonşu ölkələrdə fövqəladə hal yaşanarsa, milli maraqlarını və vətəndaşlarının təhlükəsizliyini nəzərə almalı, bunu təmin etməlidir:

“İran-ABŞ gərginliyinə mövcud şəraitdə emosional reaksiyalar vermək və hadisələrə tələsik qiymət vermək doğru olmaz. Fevralın 27-də danışıqların üçüncü raundu keçiriləcək. İran həmin görüşə müəyyən təkliflərlə qatılacaq və qarşı tərəfin də müvafiq təkliflər irəli sürməsi gözlənilir.

Bu mövzu ilə bağlı ABŞ Konqresində keçirilən çıxışlarda da müxtəlif mövqelər səsləndirilib. İclas çərçivəsində Donald Trampın mümkün müharibə taktikasına qarşı kəskin etirazların olduğu bildirilib. Demokratlar hesab edirlər ki, belə bir müharibə ciddi risklər yarada və ağır nəticələrə səbəb ola bilər. Odur ki, müharibə məsələsi təkcə Donald Trampın iradəsindən asılı deyil. 

Bununla belə, belə bir senari baş verərsə, İranın qonşu ölkələri, xüsusilə Türkiyə və Azərbaycan prosesdən birbaşa təsirlənə bilər. Bu halda həmin dövlətlər öz təhlükəsizliklərini təmin etməklə yanaşı, mümkün humanitar problemlərə də hazır olmalıdırlar.

Müharibə şəraitində regionda miqrasiya dalğası yarana bilər və Azərbaycanla Türkiyə humanitar baxımdan əlavə məsuliyyətlə üzləşə bilər. Hesab edirəm ki, həm Azərbaycan, həm də Türkiyə İran və ABŞ arasında münasibətlərin gərginləşməsində maraqlı deyil və münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir”.