Ədalət Verdiyev: “Tehran real gücünü yox, təbliğat müharibəsini aparır”
Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda İranın hərbi-siyasi strategiyası və regiondakı davranış modeli yenidən ciddi müzakirə predmetinə çevrilib. Son hadisələr fonunda rəsmi Tehranın addımları təkcə Qərb dövlətləri ilə qarşıdurma kontekstində deyil, həm də müsəlman ölkələri və qonşu dövlətlərlə münasibətlər prizmasında qiymətləndirilir.
Bir sıra ekspertlər hesab edir ki, İran beynəlxalq müstəvidə gözlədiyi siyasi dəstəyi ala bilmir və ona verilən bəyanatlar daha çox regionda genişmiqyaslı müharibənin qarşısını almağa yönəlib. Eyni zamanda, İranın hərbi potensialı, proksi qüvvələrə söykənən strategiyası və ABŞ hərbi mövcudluğu olan ölkələrə yönəlmiş zərbələri ciddi suallar doğurur.
“Sherg.az” xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev münaqişənin sürətlə genişlənməsinin regional təhlükəsizlik və hərbi balans üçün ciddi risklər yaratdığını bildirib. O qeyd edib ki, İran hazırkı mərhələdə beynəlxalq aləmdə, hətta müsəlman ölkələri tərəfindən də birmənalı şəkildə dəstəklənmir:
“İrana yönəlik bəyanatların əksəriyyəti regionda yeni genişmiqyaslı müharibənin qarşısının alınmasına hesablanıb. Yəni mövcud mövqe daha çox sabitliyin qorunmasına yönəlib, Tehran siyasətinin müdafiəsinə deyil. Çünki İran son illərdə bir sıra “qırmızı xətləri” aşaraq regionda gərginliyin artmasına səbəb olub”.
Ötən il İran ərazisinə endirilən zərbələr zamanı nə SEPAH-ın, nə də İranın müdafiə ordusunun hava hücumundan müdafiə sistemlərinin effektiv reaksiya verə bilmədiyini xatırladan ekspert qeyd edib ki, bütün bunlar ölkənin hərbi imkanları ilə bağlı suallar yaradır: “Deməli, İranın hərbi potensialı Amerika Birləşmiş Ştatları kimi qlobal güclə birbaşa və uzunmüddətli qarşıdurma aparacaq səviyyədə deyil. İranın regionda müxtəlif silahlı qrupları, “proksi qüvvələr”i silahlandırması və maliyyələşdirməsi Yaxın Şərqə sabitlik yox, əlavə risklər gətirib. Bu gün İranın zaman-zaman hədəfə aldığı ölkələrin əksəriyyətində ABŞ hərbi bazalarının mövcudluğu da məhz təhlükəsizlik ehtiyacları ilə izah olunur. Keçmişdə Saddam Hüseyinin dövründə yaranmış təhlükə səbəbindən Küveyt və Bəhreyn kimi dövlətlər ABŞ-la hərbi əməkdaşlığa üstünlük vermişdilər. Hazırda isə İran amili həmin əməkdaşlığın davam etməsinə stimul yaradan əsas faktorlardan biri kimi göstərilir”.
Ə. Verdiyev hesab edir ki, Tehran müharibənin ilk günlərindən informasiya müstəvisində aktiv təbliğat aparsa da, real hərbi nəticələr gözlənilən səviyyədə deyil:
“İran müharibə başlayan gündən “n” qədər animasiya filmləri paylaşırlar, ABŞ-nin gəmilərinin vurulması ilə bağlı. Animasiyaya xərclədikləri pulları hava hücumundan müdafiə silahlarına xərcləsələr bəlkə də 1-2 hədəfi vura bilərdilər. İran raketləri Səudiyyə Ərəbistana atıb, onları da müharibəyə cəlb etmək əvəzinə ABŞ-nin dənizdəki gəmilərini vurardılar. Ali lider Xamenei ölməmişdən əvvəl çıxışında qeyd etmişdi ki, ABŞ-nin gəmiləri varsa, bizim də o gəmiləri vuracaq raketlərimiz var. Noldu bəs? Niyə vurmurlar. Prosesin başına duran ölkə ABŞ-dir. Lakin İran ona yox, qonşuluğundakı müsəlman ölkələrini vurur. Halbuki o dövlətlərin heç biri birbaşa İrana zərbələrdə iştirak etməyiblər”.