İran geri çəkilmir: “Müharibə bizim şərtlərlə bitəcək”

ABŞ prezidenti Donald Tramp müharibənin nə vaxt bitəcəyinə özü qərar verəcəyini desə də, İran rəhbərliyi qarşıdurmanı yalnız öz şərtləri ilə yekunlaşdırmaqda israrlıdır. Tehran təhlükəsizlik təminatları və sanksiyaların ləğvi olmadan atəşkəsə razılaşmır.

Sherg.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, İran sürətli geri çəkilmə əvəzinə uzunmüddətli strategiyaya üstünlük verir. Qərb rəsmiləri bildirir ki, Tehran üçün bu müharibə varlıq məsələsidir və əsas məqsəd gələcək hücumların qarşısını almaq üçün çəkindiriciliyi bərpa etməkdir.

Təxminən 180 minlik İnqilab Keşikçiləri Ordusu (SEPAH) İranın əsas hərbi gücü olaraq asimmetrik taktikalardan istifadə edir. ABŞ bazaları, Körfəz infrastrukturu və beynəlxalq dəniz yolları raket və PUA hücumları ilə hədəfə alınır.

İranın əsas kozlarından biri isə Hörmüz boğazıdır. Qlobal enerji tədarükünün mühüm hissəsinin keçdiyi bu bölgədə nəzarətin artması dünya bazarlarında ciddi dalğalanma yaradıb. Mənbələrə görə, Tehran boğazı tam bağlamasa da, keçidlərə nəzarət edə bilər.

Diplomatik cəbhədə isə tərəflər geri addım atmır. ABŞ İranın hərbi imkanlarının zəiflədiyini iddia etsə də, hələ razılaşmaya hazır deyil. İran XİN rəhbəri Abbas Araqçi danışıqlar barədə məlumatları təkzib edib.

Ekspertlər hesab edir ki, mövcud vəziyyət qısa atəşkəsdən çox, uzunmüddətli yıpratma müharibəsinə işarə edir. İranın məqsədi təkcə müharibəni bitirmək deyil, həm də ABŞ və qlobal iqtisadiyyata ciddi zərbə vurmaqdır.