- “SEPAH zərərsizləşdirilərsə, Yaxın Şərqin xəritəsi dəyişəcək”
ABŞ-lə əldə olunan anlaşma memorandumu İranda təkcə xarici siyasət deyil, həm də daxili siyasi balans baxımından mühüm müzakirə mövzusuna çevrilib. Prezident Məsud Pezeşkianın danışıqların Ali rəhbər Müctəba Xamenei və Ali Milli Təhlükəsizlik Şurası ilə tam koordinasiyada aparıldığını bəyan etməsi, memoranduma görə məsuliyyətin yalnız hökumətin üzərində olmadığını, qərarın dövlətin ali hakimiyyət institutları tərəfindən də dəstəkləndiyini göstərir. Bununla yanaşı, Pezeşkianın daxildə bəzi qüvvələrin danışıqları pozmağa və diplomatik prosesi gözdən salmağa çalışdığı barədə açıqlaması İranda siyasi düşərgələr arasında fikir ayrılıqlarının hələ də davam etdiyini ortaya qoyur. Bəs bu bəyanatlar İranın daxili siyasi mənzərəsi və Vaşinqtonla münasibətlərin gələcəyi baxımından nə vəd edir?
Politoloq Qabil Hüseynli Sherg.az-a bildirib ki, Pezeşkian çox realist, savadlı, dünyanın müasir geosiyasi mənzərəsini yaxından dərk edən bir siyasətçidir: 
“Bu səbəbdən də ölkənin ali rəhbəri onunla bir çox məsələlərdə məsləhətləşməyə üstünlük verir. Amma bu gün İranda hakimiyyəti ələ almaq və yaxud hakimiyyətdə üstün mövqe qazanmaq, öz hökmünü və səlahiyyətlərini hakimiyyətə qəbul etdirmək istəyən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli destruktiv qüvvələr var. Onlar hakimiyyət uğrunda hər cür addıma gedirlər və faktiki olaraq dini liderlə prezidenti hakimiyyətdən kənarlaşdırmağa çalışırlar. Buraya Bəsic qüvvələri də daxildir. Bəsic qüvvələrini SEPAH-ın ehtiyat qüvvələri kimi də təqdim etmək olar. Onlar çox destruktiv qüvvələrdir və ABŞ ilə razılaşmanın əldə edilməsinin əleyhinədirlər. Halbuki ölkədə ABŞ-yə qarşı müharibə apara biləcək real bir qüvvə yoxdur. Müharibə başlasa, Bəsic və SEPAH qaçıb kol dibində gizlənəcək”.
Analitikin sözlərinə görə, onlar yalnız meydana qızışdırıb və hakimiyyət rıçaqlarından öz maraqları naminə istifadə etmək istəyirlər:
“Güman edirəm ki, İran ilə ABŞ arasında gec-tez sülh sazişi imzalanacaq. Bununla da Yaxın Şərqdə mühüm bir münaqişə ocağı sönəcək. İsrail-Livan məsələsi də ABŞ ilə İran arasında imzalanacaq sazişdən asılıdır. ABŞ SEPAH-ı tamamilə zərərsizləşdirdikdən, müharibə tərəfdarı olan qüvvələri hakimiyyətdən uzaqlaşdırdıqdan və regionda yeni nizam formalaşdırdıqdan sonra həmin problemlər də avtomatik olaraq aradan qalxacaq”.