İran müharibə istəmir, amma həm də hazırdır - ŞƏRH

"İranı müqayisə edərkən demək olar ki, o, region ölkələrinin bir çoxundan güclüdür, hətta bəzi sahələrdə daha hazırlıqlıdır"

İran xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran tam şəkildə həm sülhə, həm də hərbi ssenariyə hazırdır, amma məqsədimiz müharibənin qarşısını almaqdır:

“Tam şəkildə hər iki ssenariyə hazırıq, həm sülhə, Allah eləməsin, həm də müharibəyə. İran Silahlı Qüvvələri qarşılarına qoyulan tapşırıqları yerinə yetirməyə hazırdır və ölkə özünü effektiv şəkildə qoruya bilər. İran son müharibədən dərs çıxararaq, daha yaxşı hazırlaşıb. Mən diplomatiya insanıyam, hesab edirəm ki, seçdiyimiz yol bu problemin həlli üçün ən yaxşı yoldur. Əgər narahatlıq və ya suallar varsa, Tehran onlara cavab verməyə hazırdır. Amma biz nüvə texnologiyalarının dinc məqsədlər üçün istifadəsi hüququndan güzəştə getməyə hazır deyilik. Bizim tələbimiz budur”.

Politoloq Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, İran ABŞ ilə müharibəyə hazırdır:

“Əfqanıstanda aparılan müharibə göstərdi ki, hərbi əməliyyat yalnız texnologiya və raketlərlə ölçülmür. Məsələn, Əfqanıstanda Taliban daha zəif texniki imkanlara malik olsa da, uzunmüddətli mübarizədə üstünlük qazana bildi. İranı müqayisə edərkən demək olar ki, o, region ölkələrinin bir çoxundan güclüdür, hətta bəzi sahələrdə daha hazırlıqlıdır. İran açıq şəkildə bildirir ki, müharibə istəmir, amma həm hərbi, həm də siyasi baxımdan hazırdır. ABŞ ilə birbaşa müharibəyə girmək İranın marağında deyil, eyni zamanda ABŞ-nin da belə bir müharibəyə asan qərar verəcəyi real görünmür.

Tək bir xüsusi əməliyyat, məsələn hansısa qərargaha raket zərbəsi endirmək və ya fərdi hədəfi aradan götürmək müharibəni qazanmaq demək deyil. Müharibədə hərbi güc, iqtisadi dayanıqlıq, texnoloji imkanlar, xalqın motivasiyası və beynəlxalq siyasi balans birlikdə rol oynayır.

İranın nüvə proqramı ilə bağlı mövqeyi də ondan ibarətdir ki, bunun dinc məqsədlər üçün olduğunu bildirir və tam imtina etməyəcəyini vurğulayır. Bu isə İranın həm sərt mövqe, həm də dialoqa açıq qapı saxlayan siyasi strategiyasının bir hissəsidir”.