İran Xarici İşlər Naziri Abbas Əraqçi və parlament sədrinin müavini Əli Nikzad Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbənin cavabsız qalmayacağını bəyan ediblər.
Sherg.az xəbər verir ki, Abbas Əraqçi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı məsələni müzakirə etdiyini bildirib.
Əraqçi iddia edib ki, hücuma məruz qalan gəmi İranın ticarət gəmisi olub və hadisə nəticəsində bir dənizçi həlak olub. Onun sözlərinə görə, bu addım BMT Nizamnaməsinin pozulmasıdır və cavabsız qalmayacaq.
İran parlamenti sədrinin müavini Əli Nikzad da bildirib ki, ölkəsi özünümüdafiə hüququndan istifadə edəcək və İrana qarşı hücumların mənbəyi silahlı qüvvələrin qanuni hədəfi hesab olunacaq.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Xəzər dənizində İranla əlaqəli hərbi yüklər daşıdığı iddia edilən gəmilərə uzaqmənzilli zərbələr endirildiyini açıqlamışdı. İran isə hədəfə alınan gəminin ticarət gəmisi olduğunu və hadisə nəticəsində bir nəfərin öldüyünü bildirib.
Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin müavini Səid Xətibzadə ölkəsinin diplomatiyaya və Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin olunmasına sadiq qaldığını, eyni zamanda ABŞ-nin Fars körfəzi və Hörmüz boğazı üzərində nəzarət qurmasına imkan verməyəcəyini bəyan edib.